“Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminar keçirilib

“Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminar keçirilib
# 24 iyun 2024 10:37 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan rəsmi qurumların nümayəndələri, Dövlət İdarəçilik Akademiyalarının rektorları iştirak ediblər.

Tədbir DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin açılış nitqi ilə başlanıb. Sədr seminarın təşkil edilməsində dəstəyinə görə Astana Regional Xabın rəhbərliyinə minnətdarlığını bildirib, həmçinin seminarda iştirak edən xarici və yerli tərəfdaşlara, ekspertlərə tədbirə qatacaqları töhfəni yüksək qiymətləndirərək təşəkkür edib. Sədr qeyd edib ki, bu tədbirlər bizə digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini təhlil edərək gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir.

Daha sonra Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay da açılış sessiyasında öz fikirlərini bölüşüblər.
Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay və Gürcüstanın Dövlət Qulluğu Bürosunun rəhbər müavini Maya Dvalişvili dövlət qulluğu sistemi və son yeniliklər barədə ölkə təcrübələrindən danışıb.

Eyni zamanda, Qazaxıstan İnsan Resursları Menecerləri Assosiasiyasının Koordinasiya Şurasının sədri Gülmira Raissova “Strateji insan resursları və istedadların idarə edilməsi”, Şimali Makedoniya Respublikasının Tetova Universitetinin professoru Yahi Yahiya “Dövlət sektorunda kadrlarının işə qəbulu: müqayisəli yanaşma”, DİM-in Səriştələrin və peşəkər potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov isə “Azərbaycanda səriştə əsaslı qiymətləndirmə: inkişaf, alətlər və çağırışlar” adlı təqdimatlarla çıxış ediblər.

Seminarın iki gün davam etməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR