Dünya Bankı Azərbaycanda turizm sahəsində əsas çağırışları açıqlayıb.
"APA-Economics"in xəbərinə görə, Dünya Bankının turizm üzrə baş mütəxəssisi Şon Mann Bakıda "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatında deyib ki, Azərbaycan turizm sahəsində mühüm potensiala malik olsa da, əsas çağırış turizmin yalnız Bakı ilə məhdudlaşmaması və regionlarda da cəlbedici turizm istiqamətlərinin formalaşdırılmasıdır.
Şon Mannın sözlərinə görə, Bakı uğurlu turizm məkanı kimi inkişaf etdirilib, lakin İndoneziya–Bali, Peru–Maçu Pikçu və İslandiya–Reykyavik kimi nümunələr göstərir ki, uğurlu ölkələr əsas turizm mərkəzini digər istiqamətlərlə tamamlayaraq turistlərin ölkədə qalma müddətini artırmağa nail olublar.
"Əsas məsələ turistlərə yalnız Bakı deyil, "Bakı+" təcrübəsini təqdim etməkdir. Yəni ziyarətçilərin regionlara səfər etməsini və ölkədə daha uzun müddət qalmasını təmin etmək lazımdır", – o vurğulayıb.
Dünya Bankının rəsmisi qeyd edib ki, Azərbaycanın turizm bazarında digər struktur problem turist axınının bir neçə bazarda cəmləşməsidir. Hazırda ölkəyə gələn turistlərin 66%-i cəmi üç-dörd ölkənin payına düşür, bu isə sektoru xarici risklər qarşısında həssas edir.
Onun fikrincə, son illərdə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail, Çin, Pakistan və Türkiyədən gələn turistlərin sayı artıb, əvəzində Rusiya, Gürcüstan, İran və BƏƏ kimi ənənəvi bazarlardan gələn turistlərin payı azalıb. Bu isə turizm məhsullarının yeni bazarların tələbinə uyğunlaşdırılmasını zəruri edir.
Şon Mann vurğulayıb ki, turizm iqtisadiyyatın digər sahələrindən fərqli olaraq insanların xərclərini birbaşa ölkəyə gətirən ixrac növüdür. Bu sahə regionlarda kiçik sahibkarlığın inkişafı, qadın və gənclərin məşğulluğunun artırılması üçün böyük imkanlar yaradır.
O əlavə edib ki, Dünya Bankının qiymətləndirməsinə görə, Azərbaycanda xidmətlərin keyfiyyəti, xidmət çeşidləri və ümumilikdə turizm ekosisteminin inkişafı baxımından hələ də aradan qaldırılmalı boşluqlar mövcuddur.