Milli qanunvericilik bazası “E-qanun” mobil tətbiq versiyasının təqdimatı keçirilib.
APA xəbər verir ki, elektron bazada respublikanın qanunvericilik sisteminə daxil olan aktların mətnləri ilə yanaşı, Ali Məhkəmənin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Tarif Şurasının qərarları, habelə BMT-nin Təhlükəsizlik Şurasının bəzi qərarları da yerləşdirilib.
Yeni istifadəyə verilən mobil tətbiq “e-qanun.az” saytının bütün funksiyalarını özündə ehtiva edir, həmçinin mobil tətbiqin desktop versiyası ilə müqayisədə əlavə funksiyası da var.
Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyevin sözlərinə görə, ötən il milli qanunvericilik bazası "e-qanun.az" saytına üç milyona yaxın giriş olub: “Bu rəqəm əvvəlki üç illə müqayisədə çoxluq təşkil edir, 2019-cu ildə 2 milyon, 2020-ci ildə 2 milyondan çox, 2021-ci ildə 3 milyona yaxın olub. Bu ilin 8 ayı ərzində isə artıq bu rəqəm 2 milyona çatıb".
Mahir Yolçuyev bu il ərzində “e-qanun.az” saytına girişlərin 90 faizinin Azərbaycandan, 10 faizinin isə Fransa, ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Gürcüstan və sair ölkələrin ərazisində olduğunu qeyd edib: “Girişlərin təxminən 60 faizi kompüter, 40 faizi isə mobil cihazlar vasitəsi ilə həyata keçirilib”.