Bank Of Baku

FHN Akademiyasında andiçmə və buraxılış mərasimi keçirilib - FOTO - VİDEO

FHN Akademiyasında andiçmə və buraxılış mərasimi keçirilib - FOTO  - VİDEO
# 10 oktyabr 2025 10:45 (UTC +04:00)

Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantlar və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib. Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir bildirib ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlər sosial-iqtisadi yüksəliş və tərəqqi mərhələləri kimi tarixə qızıl hərflərlə daxil olub. Vətənini və xalqını tarixin çox çətin sınaqlarından böyük məharətlə çıxaran Ulu Öndər milli təhsilin inkişafı məsələlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində milli təhsil müasir dünya standartları səviyyəsində təşəkkül taparaq ölkənin hərtərəfli inkişafına mühüm töhfə verir.

Bu çərçivədə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını və 2013-cü ilin dekabr ayının 27-də ölkə başçısının Fövqəladə Hallar Nazirliyinin Akademiyasının binasının açılış mərasimində şəxsən iştirakını xüsusi vurğulayan nazir K.Heydərov ötən illər ərzində dövlət başçısının diqqət və qayğısı sayəsində Akademiyanın müasir təhsil ocağı kimi təşəkkül tapdığını qeyd edib.

Nazir bildirib ki, indiyədək akademiyanı 1270 məzun bitirib və həmin məzunlar FHN-nin müxtəlif strukturlarında fəaliyyətini davam etdirir.

K.Heydərov Heydər Əliyev Fondu tərəfindən milli təhsilimizin inkişafı naminə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələri xatırladaraq onların əhəmiyyətindən danışıb. Ali dövlət qayğısı sayəsində yüksək səviyyəli kadrların yetişdirilməsi üçün Nazirliyin Akademiyasında hərtərəfli şəraitin mövcud olduğunu deyən nazir kursantların bu şəraitdən yararlanaraq dərin biliklərə yiyələnib daha güclü və qüdrətli Azərbaycana ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib, bu yolda məzunlara və kursantlara uğurlar arzulayıb.

Daha sonra çıxış edən FHN Akademiyasının rəisi Baba Salayev akademiyanı bitirən kursantlara uğur arzu edib. Akademiya rəisi bildirib ki, bu ilk xüsusi təyinatlə akademiyaya 100 kursant daxil olub. Həmçinin 97 bakalavr, 15 magistrant akademiyanı uğurla bitirb. Eyni zamanda, 97 kursantın 3-ü, 15 magistrant kursanlardan 2-si, qiyabi təhsil alan 45 kursantdan 2-si akademiyanı yüksək qiymətlə bitirib.

Akademiya rəisi akademiyaya daxil olan və bitirən müdavimlərə uğurlar arzu edib.

Sonra çıxış edən valideyn məzun və kursantları valideynlər adından təbrik edərək uğurlar arzulayıb, Akademiyada yaradılmış yüksək şəraitə görə təşəkkür edib.

Mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Əliyev Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.

Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR