Heydər Əliyev Mərkəzində "Bir ömür yolu" şüarı altında keçirilən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 5-ci yubiley "Fərqli fərdlər" konqresi keçirilib.
APA xəbər verir ki, tədbiri "Caspian Event Organisers" (CEO) şirkətinin Baş direktoru Fərid Məmmədov giriş sözü ilə açıb. Açılış nitqindən sonra xalq artisti Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova tərəfindən və xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə "Fərqli Fərdlər"in himni səsləndirilib.
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, səhiyyə nazirinin müavini Nadir Zeynalov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin icraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin regional mərkəzlərlə iş şöbəsinin koordinatoru Mehparə Kazımova, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva çıxış ediblər.
Konqres bölmə və panel müzakirələri ilə davam edib.