İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında işsizlik problemi olan ölkələrimiz də var. 2022-ci ildə İƏT-ə üzv ölkələr arasında işsizlik göstəricisi ortalama hesabla 6.3 faiz olub.
APA xəbər verir ki, bu barədə İƏT baş katibinin müavini Ahmed Sengando mətbuat konfransı zamanı deyib. O, çıxışı zamanı İƏT-ə üzv ölkələrin konfransının təşkili üçün Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə minnətdarlığımı bildirib.
Bu gün keçirilən tədbirdə 16 ölkənin Əmək Mərkəzinin nizamnaməsini izlədiyini deyən Sahil Babayev isə deyib ki, mərkəzin fəaliyyət yönümü çoxşaxəli olacaq.
Qeyd edək ki, mətbuat konfransından əvvəl İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası işini davam etdirib. İclasın gündəliyi qəbul edilib və Nazirlər Sessiyasına hazırlıq iclasının hesabatı təqdim olunub. DOST Konsepsiyası və ölkəmizdə sosial sahədə e-xidmətlər barədə videoçarxlar nümayiş edilib. Üzv ölkələrin əmək nazirlərinin və nümayəndə heyətləri başçılarının çıxışları dinlənilib.
Konfrans iştirakçıları daha sonra tədbirin Qətnamə layihəsini nəzərdən keçirib və Qətnaməni qəbul ediblər. Konfransda müzakirə mövzularının üzv ölkələr üçün aktual olduğu vurğulanıb. Burada aparılan müzakirələrin və təcrübə mübadilələrinin nümayəndə heyətləri üçün önəmli olduğu, həmin ölkələrdə əmək, məşğulluq, sosial müdafiə sahələrində həyata keçirilən islahatlar prosesi üçün əhəmiyyəti diqqətə çatdırılıb.
İƏT-in Baş katibinin müavini Ahmed Sengendo Azərbaycanın İƏT-lə fəal əməkdaşlığından və konfransa yüksək səviyyədə ev sahibliyi etməsindən razılığını, konfrans iştirakçılarına aparılan müzakirələrdə fəal iştirakına görə minnətdarlığını bildirib.