Bank Of Baku

İnstitut direktoru: “Azıx mağarasında yeni üsullarla tədqiqatlar aparılacaq” - MÜSAHİBƏ

Abbas Seyidov

© APA | Abbas Seyidov

# 07 iyun 2022 12:21 (UTC +04:00)

AMEA-dakı kimyəvi-spektral laboratoriya keçmiş SSRİ-də yeganə idi

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidovun APA-ya müsahibəsi

- Ötən ilin oktyabr ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun adı Arxeologiya, Etnoqrafiya və Antropologiya olaraq dəyişdirildi. Bu, sadəcə ad dəyişikliyi idi, ya institutun fəaliyyət istiqamətində də dəyişikliklər aparılıb?

- Bildiyiniz kimi, 1993-cü ildə AMEA Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya sektorunun bazası əsasında müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılıb. Artıq gələn il İnstitutun yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırıq. Bu müddət ərzində müxtəlif istiqamətlərdə aparılan arxeoloji və etnoqrafik tədqiqatlar qədim tariximizin bir sıra problemlərinin həllinə yardımçı olub. Lakin son illər beynəlxalq miqyasda antropoloji tədqiqatlara xüsusi önəm verilir. Bu baxımdan İnstitutun adına edilən əlavə zəruri hal kimi qiymətləndirilə bilər. Qeyd edim ki, hələ ad dəyişilənədək İnstitutda Antropoloji mərkəz yaradılmışdı. Antropologiya elminə Qərbdə və keçmiş Sovet elmində fərqli yanaşmalar var. Qərb elmində etnoqrafiya antropoloji (sosial antropologiya) tədqiqatların bir istiqaməti hesab edilir. Sosial antropologiya ilə bağlı institutda rəy və təkliflər hazırlanır, yaxın zamanlarda AMEA rəhbərliyinə təqdim ediləcək. Eyni zamanda, fiziki antropologiya istiqamətində son illər ərzində bir sıra tədbirlər həyata keçirilib. Antropoloji mərkəzin tərkibində fiziki antropologiya qrupu yaradılıb və onun tərkibinin optimallaşdırılması istiqamətində işlər aparılır. Qrupun tərkibinə bilavasitə ixtisas təhsilli, perspektivli gənclər daxil edilib ki, onların da Azərbaycanın müxtəlif abidələrindən əldə edilən insan qalıqları üzərində apardıqları tədqiqatlar elmimizə öz töhfəsini verməkdədir.

- Azərbaycan tarixinin, mədəniyyətinin, irsinin öyrənilməsində sizin İnstitutun rolu danılmazdır. Dünyada arxeologiya sahəsində istifadə olunan üsul və vasitələr günü-gündən dəyişir. Bəs institutda mövcud maddi-texniki baza bu yeniliklərlə ayaqlaşmağa uyğundur?

- Təbii ki, qədim tarixin öyrənilməsində arxeologiyanın xüsusi yeri var. Zaman-zaman Azərbaycanda istedadlı arxeoloqlar yetişib və bu gün də yetişməkdədir. Onların tədqiqatları və elmə gətirdikləri yeniliklər, deyərdim ki, dünya elmində layiqli yerlər tutub. Elə bu gün də kifayət qədər bacarıqlı arxeoloqlarımız var. O ki qaldı müasir texnoloji vasitələrdən istifadəyə, qeyd edim ki, arxeoloji tədqiqatlar multidissiplinar istiqamətdə aparıldıqda daha maraqlı və dəqiq faktların aşkar edilməsinə imkan verir. Təəssüflə qeyd etmək istərdim ki, dövrün tələblərinə cavab verən müxtəlif laboratoriyalara, texnoloji vasitələrə ehtiyacımız var və bu məsələlər AMEA rəhbərliyi ilə müzakirə edilir, həmçinin lazımi işlərin görülməsi üçün fəaliyyət proqramı hazırlanır. 1952-ci ildə AMEA-da kimyəvi-spektral laboratoriya var idi. Onun rəhbəri İsa Səlimxanov idi. Bu laboratoriya keçmiş SSRİ-də yeganə idi. Təbii ki, həmin laboratoriya artıq fəaliyyət göstərmir və yeni texnologiyalar labüddür. İşimizdə axsaqlıq yaradan tək amil müasir tələblərə cavab verən laboratoriyamızın olmamasıdır. Bununla bağlı AMEA rəhbərliyinə məlumat vermişik.

Hazırda əksər materialları kimyəvi analiz üçün xaricə göndəririk. Müştərək arxeoloji ekspedisiya layihələri çərçivəsində tapılan nümunələri tədqiq etdiririk. Məsələn, Ağdamda alman arxeoloqlarla birgə müştərək ekspedisiyalar aparılır. Digər ərazilərdə isə rusiyalı, yaponiyalı, italiyalı arxeoloqlarla müştərək ekspedisiyalar gözlənilir.

Yalnız ANAMA-nın təmizlədiyi ərazilərə ekspedisiyalar təşkil edirik

- Bir az da kadr potensialından danışaq. Ölkəmiz arxeoloji qazıntılar baxımından zəngindir və üstəlik işğal altında olan torpaqlarımızın azad olunması ilə birlikdə İnstitutunuzun üzərinə düşən yük bir az da artıb. Bu baxımdan kadr çatışmazlığı yaşanmır ki?

- Azərbaycanın müxtəlif bölgələrində yerli və əcnəbi arxeoloqlarla birgə geniş tədqiqatlar aparılır. Bir neçə ildir ki, İnstitutumuzun magistratura pilləsinə qəbul həyata keçirilir. Arxeologiya, antropologiya ixtisaslaşmaları üzrə qəbul edilən magistrlər ekspedisiyalarda iştirak edir, lazım gəldikdə xarici ölkələrdə elmi ezamiyyətlərdə olurlar.

- İşğaldan azad olunan ərazilərdə hazırda hansı arxeoloji qazıntılar aparılır və həmin ərazilərdə Sovet dövründə aparılmayan hansı yeni arxeoloji işlər görülür?

- Təbii ki, bu gün əsas diqqətimiz işğaldan azad edilmiş ərazilərədir. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun parlaq qələbəsi arxeoloqların üzərinə yeni vəzifələr qoyur. Sovet dövründə Qarabağın müxtəlif bölgələrində - Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər rayonlarında tədqiqatlar aparılıb. Azıx, Üzərliktəpə, Leylatəpə, Qaraköpəktəpə, Şərifan və s. abidələrdə aparılan tədqiqatları qeyd etmək olar. Lakin bu gün dövrün tələblərinə uyğun istər bu abidələrdə, istərsə də digərlərində yeni tədqiqatların başlanmasına ehtiyac var. İşğaldan azad edilmiş ərazilərdəki arxeoloji qazıntıların aparılmasının zəruri olduğu abidələr haqqında hazırda məlumat bazası yaradılır. Ərazilər minalardan təmizləndikdən sonra bu tədqiqatlara start veriləcək. Təbii ki, minalardan təmizlənmə prosesi başa çatana qədər bu ərazilərdə tədqiqat apara bilmərik. Qarabağ bu gün başdan-başa yenidən qurulur. Yalnız ANAMA əməkdaşlarının tam olaraq təmizlədiyi ərazilərə ekspedisiyalar təşkil edirik. Nəzərə alaq ki, abidələrin əksəriyyəti dağ ətəklərində, şəhərdən kənarda, təpəliklərdədir, bu ərazilər də hələ tam minalardan təmizlənməyib.

Azıx mağarası dağıntıya məruz qalıb

- Azad olunan ərazilərdə aşkarlanan arxeoloji qazıntılar və tapılan maddi-mədəniyyət nümunələrinin muzey halında sərgilənməsi ilə bağlı alimlər müxtəlif modellər təklif edirlər. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu prosesdə yaxından iştirak edən bir qurum olaraq hansısa təklif hazırlayıb? Təklifiniz nədir?

- Qarabağ ərazisində aparılacaq arxeoloji qazıntı və tədqiqatlar haqqında təbii ki, müvafiq iş planlarımız var. Abidələrin bir neçəsinin turizm nöqteyi-nəzərindən muzey şəklində sərgilənməsi, arxeoloji materialların nümayiş olunması nəzərdə tutulur. Təkliflərimiz var. Onları müvafiq qurumlarla müzakirə etməkdəyik. Hələlik çox şeyi açıqlamırıq. Yaxın gələcəkdə bunların şahidi olacaqsınız. Artıq deyə bilərəm ki, təklif etdiyimiz layihələrdən bir neçəsi bəyənilib. Bir çox arxeoloji material Bakıya gətirilməyəcək, yerində sərgilənəcək. Qarabağa gələn turistlər həm qazıntı yerləri ilə, həm də muzeylərlə əyani şəkildə tanış olacaq. Nümunə olaraq Almaniyanın Neandertal muzeyini göstərə bilərəm. Eyni modelin tətbiqi nəzərdə tutulur. Qobustan, Qala, İçərişəhər muzeyləri də oxşar layihədir.

- Arxeoloji qazıntı aparmaq çoxşaxəli bir işdir və mütləq ki, əməkdaşlıq tələb edir. Hansı qurumlarla ortaq layihələriniz var? Eyni zamanda, hansısa ölkələrlə bu sahədə əməkdaşlıq, birgə fəaliyyət varmı?

- Arxeologiya multidissiplinar elmdir. Bu baxımdan biz tam fərqli institutlarla əməkdaşlıq etməyə üstünlük veririk. Digər tərəfdən, ABŞ, Fransa, İngiltərə, Almaniya, İtaliya, Türkiyə, Koreya, Yaponiya, Rusiya və başqa ölkələrin qabaqcıl elmi müəssisələri ilə sıx əməkdaşlıq edirik. Bu əməkdaşlıq birgə elmi ekspedisiyaların təşkili, laborator analizlərin aparılması, kadrların hazırlanması, elmi konfransların, seminarların keçirilməsi və s. vasitələrlə həyata keçirilir.

- İşğal zamanı ermənilər Şahbulaq ərazisi yaxınlığında böyük arxeoloji qazıntı işləri aparırdılar. Qondarma Tiqranakert şəhərini üzə çıxarmaq adı ilə tapılan eksponatları Şahbulaqda yaratdıqları muzeydə nümayiş etdirirdilər. Sonradan Ağdamı təhvil verəndə bu eksponatlar da aparıldı...

- Ermənilərin Azərbaycanın işğal altında qalmış Qarabağ abidələrində qanunsuz arxeoloji qazıntılar aparmaları çoxdan məlumdur. Xüsusilə 2003–cü ildən başlayaraq bu qanunsuz qazıntılar intensiv xarakter alıb. Onların özünün də etiraf etdiyi kimi, həmin vaxtlarda Ermənistan Respublikası Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Şuşa və ətrafında, Azıx mağarası düşərgəsində (Levan Yepiskopasyan), Lex qalası ətrafında, Xocalıda, Xankəndidə, Şahbulaq yaxınlığındakı antik və ilk orta əsrlərə aid yaşayış yerində, Boyəhmədli kəndindəki Gavurqalada, bəzi məlumatlara görə, Ağdamın Boyəhmədli, Paprəvənd kəndləri ərazisindəki kurqanlarda qanunsuz qazıntılar aparıb. Bu qazıntılara Ermənistanın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Hamlet Petrosyan başçılıq edib. Qazıntılara maliyyə dəstəyi “Erkir” fondu, habelə Nyu–Cersidəki Arutuyunovlar ailəsi, “Şuşa” fondu, “Ohan Poqasyan və oğulları“ fondu və başqaları tərəfindən göstərilib.

Qeyd edək ki, torpaqlarımız azad edildikdən sonra Azıx kəndindəki evlərin birindən əsgərlərimizin aşkar etdiyi və Azıx mağarasından tapılan 89 qutu material İnstitutumuza gətirilib. Hamlet Petrosyanın yalançı iddiasına görə, Şahbulaq yaxınlığındakı şəhər yeri II Tiqranın adı ilə salınmış “dörd şəhərdən” biridir. Lakin məlumdur ki, bu ərazidəki şəhər yerləri, habelə xristian məbədləri e.ə. IV əsrdə meydana çıxan Qafqaz Albaniyası dövlətinə məxsus miraslardır.

44 günlük Vətən müharibəsindəki qələbəmiz erməni özbaşınalığına son qoyub. Hazırda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işğaldan azad olunmuş ərazilərdəki tarixi–arxeoloji abidələrdə sistemli arxeoloji tədqiqatlara hazırlıq işi gedir. Qarşıda geniş kəşfiyyat-axtarış işlərinin aparılması durur. Bu zaman işğal dövründə düşmənin daha çox saxtalaşdırdığı, özününküləşdirməyə çalışdığı ən qədim dövr, antik və orta əsr abidələrimizin, Alban-xristian irsimizin tədqiqi böyük önəm daşımalıdır. Tədqiqatları istiqamətləndirmək, görülən işləri ciddi nəzarətdə saxlayıb sistemləşdirmək, nəticələr haqqında nəşrlərin intensivliyini təmin etmək üçün AMEA-nın nəzdində xüsusi Qarabağ bölməsinin yaradılması məqsədəuyğun olardı. Tədqiqatlara xarici ölkə mütəxəssislərinin də cəlb olunmasının zəruriliyinə diqqət yetirilməlidir. Araşdırmalar üçün kompleks ekspedisiyaların yaradılması, heyətə arxeoloq, etnoqraf, memar, antropoloq, topoqraf və başqa mütəxəssislərin daxil edilməsi də vacibdir.

İşğal dövründə ermənilərin Qarabağın müxtəlif yerlərində qeyri-qanuni qazıntılar apardıqları haqqında məlumatımız var və bununla bağlı lazımi qurumlara məlumatlar verilib. Hələ bir neçə il əvvəl İtaliyanın Florensiya şəhərində keçirilən bir konfransda erməni “arxeoloq” Njde Yeranyan adlı biri Qarabağda qazdıqları kurqanlar haqqında məruzə ilə çıxış etmək barədə müraciət etmişdi. Lakin bizim arxeoloqların vaxtında müdaxiləsi ilə həmin məruzə konfransın proqramına daxil edilmədi. Bu cür faktlar var və hazırda abidələrin monitorinqi zamanı bu faktların qeydiyyatının aparılmasına önəm verilir.

İşğal dövründə özlərinin də qəbul etdiyi kimi Azıx mağarasında xarici ölkələrin “alimləri” ilə birlikdə arxeoloji qazıntı işləri apardılar. Bu zaman Azıx mağarası dağıntıya məruz qalıb. Mədəni təbəqəni dağıtmaq üçün mağaranın içində qumbara belə partladıblar. 2016-cı ilə orada aparılan saxta qazıntılarla bağlı kitab nəşr edilib. Bu kitab da azərbaycanlı alimlərin vaxtilə apardığı qazıntı işləri əks olunan mənbələrdən köçürmə idi. Biz Azıx mağarasında yeni üsullarla tədqiqatlar apararaq yeni bir kitab çap etmək istəyirik. Bu kitab bir neçə dildə çap olunacaq. Bu tədqiqatlara da dünyanın görkəmli tədqiqatçılarını cəlb etməyi planlaşdırırıq. Artıq görkəmli elm adamları ilə yazışmalar aparılır. AMEA Rəyasət Heyətinə və aidiyyəti qurumlara bununla bağlı məlumat verilib.

İnstitutun Qarabağla bağlı iş planında ən möhtəşəm abidələrdə arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulub.

Saxsı qablarda dəfnetmə adətinə bəzi eneolit dövrü abidələrində təsadüf edilir

- Abbas müəllim, gəlin bir qədər də bu yaxınlarda Kür çayının çəkilməsi nəticəsində yataqda tapılan küp qəbirlərdən danışaq. Bu tapıntılar nədən xəbər verir: Kürün mənsəbində bu vaxta kimi məlum olmayan qədim şəhər olub?

- Arxeoloqlar Neftçala rayonunun Cəngan, Bala Surra, Ərəbqardaşbəyli və Pirəbbə kəndlərində Kür çayı sahilində aşkar edilən küp qəbirlər nekropoluna baxış keçiriblər. Müəyyən olunub ki, Kür çayının həqiqətən də çəkilməsi səbəbindən, çayın en kəsiklərində, əksəriyyəti dağılmış vəziyyətdə olan küp qəbirlər var.

Arxeoloji qazıntıdan aşkar olunan maddi-mədəniyyət nümunələri bizim eranın I-II əsrlərinə aid edilir. Arxeoloji qazıntılar zamanı məlum olub ki, Kür çayı boyu küp qəbirlər nekropolu yerləşir.

Qeyd edək ki, küp qəbirlər e.ə. IV əsr - eramızın VIII əsrlərində Cənubi Qafqazda, əsasən də Qafqaz Albaniyası ərazisində daha geniş yayılıb. Bu mədəniyyət əsasən əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir. Neftçala rayonunda aşkar olunan küp qəbirlər nekropolu coğrafi baxımdan bu bölgə üçün səciyyəvidir.

Azərbaycanda saxsı qablarda dəfnetmə adətinə bəzi eneolit dövrü abidələrində təsadüf edilir. XX əsrin 80-ci illərində arxeoloq İdeal Nərimanov tərəfindən Leylatəpə mədəniyyəti və bu mədəniyyətə aid küp qəbirlər tədqiq edilib. Sonrakı dövrdə Böyük Kəsik yaşayış yerindən Leylatəpə mədəniyyətini əks etdirən maddi nümunələr və evlərin döşəməsində saxsı qablarda körpə uşaqların dəfn edilməsi adətinə rast gəlinib. Naxçıvan ərazisində isə körpə uşaqların saxsı qablarda dəfn edilməsi halları ilk dəfə Ovçulartəpəsi abidəsinin eneolit təbəqəsində qeydə alınıb. XX əsrdə Yardımlı, Laçın kimi dağlıq ərazilərdə də bu adətin işarələri tapılıb.

Salyan rayonu ərazisində Babazanlıda aparılan araşdırmaların ilkin nəticələrinə görə, bu ərazidə e.ə. III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu abidənin unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir öyrənilib. Bunların arasında həm uşaqlara, həm də böyüklərə aid qəbirlər var. O ki, qaldı burada qədim şəhərin olub-olmaması məsələsinə, burada qədim yaşayış yeri olub. Lakin şəhər tipli yaşayış yerinin olması aparılan tədqiqatlardan sonra məlum olacaq.

Xəzərin dibində qədim şəhər var

- Bu özü də ondan xəbər verir ki, Kür yatağı arxeoloji baxımdan zəngindir. Suda arxeoloji qazıntılar aparmaq perspektivləri varmı? Eləcə də Mingəçevir su anbarının arxeoloji cəhətdən zəngin ərazidə yerləşdiyi qeyd olunur. Gələcəkdə anbarın dərinliklərində də hansısa arxeoloji qazıntının aparılması mümkündür? Çünki Mingəçevir ərazisinin qədimdə alban məbədləri ilə zəngin olduğu da deyilir.

- Kür yatağı həqiqətən də arxeoloji abidələr baxımından zəngindir. Ümumiyyətlə, qədim dövrlərdə insanlar yaşayış məskənləri seçəndə ilk növbədə su qaynaqlarının mövcudluğuna diqqət yetirirdilər. Həmçinin, əsas yollar çayların sahili ilə keçirdi. Bu baxımdan, Kürün sahilləri boyunca bizə məlum olmayan yeni-yeni abidələrin aşkarlanması təəccüblü deyil. Mingəçevir su anbarı inşa edilərkən ərazidə qazıntılar aparılıb və maraqlı faktlar qeydə alınıb. Lakin bu tədqiqatlar bütün anbar ərazisini əhatə etməyib və elə bu səbəbdən indi də Kürün suyu azalarkən bəzi maddi mənbələr aşkar edilir. Mingəçevir ərazisində Qaraca mağarası var ki, bu ilin iyun ayında bu ərazidə arxeoloq Azad Zeynalovun rəhbərliyi ilə yeni arxeoloji ekspedisiyanın işlənməsi gözlənilir. Xəzərin dibində qədim şəhər var. Bakıdan Türkmənistana quru yolu olub. Abşeron yarımadasının Xəzərin içərisinə uzandığı istiqamətdə elə yer var ki, dərinlik 8 metrdir. Lakin su örtüb deyə dərin görünür. O keçiddən İpək Yolu vasitəsilə keçiblər. Orada qədim tikililərin hamısının qalıqları var. Bu ərazilərdə mərhum arxeoloq Kvakidzenin sualtı tədqiqatları olub. Bu gün sualtı arxeoloji ekspedisiya ilə məşğul ola bilən bir mütəxəssisimiz var - Ceyhun Əliyev. Lakin bu çox ağır bir işdir və bir arxeoloqun su altına enməsi təhlükəlidir. Ən azı iki nəfər olmalıdır. Çünki suyun altına endikcə təzyiq dəyişir.

Ümumilikdə bəli, Azərbaycanda sualtı arxeologiyanın perspektivləri var. Təəssüf ki, bu cür tədqiqatların aparılması üçün kifayət qədər mütəxəssis və avadanlıqlarımız yoxdur. Ancaq düşünürəm ki, nə zamansa bu məsələ həllini tapa bilər.

- Düşünürsünüz ki, mövcud arxeologiya muzeyi eksponatların nümayişi üçün kifayət edir? Zirzəmidə qalan eksponatların taleyi necə olacaq?

- Qədim Çovdar yaşayış məntəqəsində 200-dən çox daş qutu qəbir aşkar edilib. Bizim arxeoloqlar orada uzun müddət iş aparıb və çox sayda maddi-mədəniyyət nümunələri aşkar edilib. “Azərgold” tərəfindən bu nümunələrin nümayiş edilə biləcəyi muzey tikmək təklif edilib. Planlaşdırılır ki, yeni kompleks Göygöl yaxınlığında inşa edilsin. Bu, müasir elektron muzey layihəsidir. İstəyirik ki, tapılan arxeoloji eksponatlar turist marşrutlarında tikilsin və xalqımıza nümayiş edilsin. Bildiyiniz kimi, İçərişəhərdə Arxeoloji muzey var və orada eksponatlar nümayiş edilir. Bölgələrdə tapılan eksponatların bəzilərini də oradakı Tarix-Diyarşünaslıq muzeylərinə hədiyyə edirik. Lakin bizim arxeoloji fondumuzda 1 milyondan artıq material var.

Foto: Orxan Kərimov © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR