İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir - FOTO

İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir  - FOTO
# 23 may 2024 11:38 (UTC +04:00)

Bu gün Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) keçirilir.

APA xəbər verir ki, Azərbyacanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş və “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusunda təşkil olunan builki konfrans mayın 26-dək davam edəcək.

Konfransın açılışında qonaqlar konfrans çərçivəsində UNEC tərəfindən nəşr olunan kitabların sərgisi ilə tanış olublar. Sərgidə konfransda məruzə üçün qəbul olunmuş tədqiqat işlərinin xülasələrindən ibarət “Xülasələr kitabı” başda olmaqla, ali təhsil müəssisələrində yaşıl iqtisadiyyatla bağlı fənlərin tədrisində ana dilimizdə vəsait ehtiyacını qarşılamaq üçün hazırlanan “Yaşıl iqtisadiyyat” dərs vəsaiti, konfransa Azərbaycan dilində təqdim olunmuş seçilmiş məqalələrdən ibarət olan “Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” məqalələr toplusu, Türk Dünyasının yaşıl iqtisadiyyata keçiddə əldə etdiyi uğurlar və gələcək perspektivləri ilə bağlı Türk Dünyasının müxtəlif ölkələrinin tədqiqatçıları tərəfindən hazırlanmış “Türk dünyasında yeşil ve dönüşüm ekonomisi: Geçiş için yol haritası” kitabı nümayiş olunub.

Həmçinin UNEC ilə dünyanın ən nüfuzlu nəşriyyat evlərindən biri sayılan EMERALD nəşriyyatının əməkdaşlığı əsasında nəşr üçün hazırlanan “Sustainable Development and Green Innovation: Managing risk through interdisciplinary approaches and policy strategies” başlıqlı kitab haqqında məlumat verilib.

Konfransın rəsmi açılış mərasimidə iştirakçıları salamlayan UNEC-in rektoru Ədalət Muradov SCOPUS bazasında UNEC-in metrlik göstəricilərindən bəhs edib.

O bildirib ki, SCOPUS nüfuzlu elmi nəşr platformasında UNEC-ə mənsub olan 1455 elmi əsər indekslənib. Bu elmi əsərlərə olunan istinad sayı 7256, indeks 36, elmi əsərə düşən istinad 4.99 və xarici müəllifli elmi əsərlər isə 752 olub:

"Scopus bazasında indekləslənən elmi əsərlərin 97%-1, istinad sayının 99%-1, xarici müəllifli elmi əsərlərin 99%-i 2014-2024-cü illərin payına düşür".

O əlavə edib ki, Web of Science nüfuzlu elmi nəşr platformasında UNEC-ə mənsub olan 1181 əsər indekslənib.

Bu elmi əsərlərə olunan istinad sayı 5448, h-indeks 36, elmi əsərə düşən istinad 4.61 va xarici müəllifli elmi əsərlər isə 679 olub. Web of Science bazasında indekləslənən elmi əsərlərin 90%-i, istinad sayının 93%-i, xarici müəllifli elmi əsərlərin 87%-i 2014-2024-cü illərin payına düşür.

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Universitetlərdə elmi tədqiqat işləri ilə bağlı ən böyük problemin maliyyələşmə ilə bağlı olduğunu qeyd edib:

“Elm və Təhsil Nazirliyi olaraq elmi tədqiqatların da stimullaşdırılması bizim üçün əhəmiyyətlidir. Hazırda universitetlərdə elmi tədqiqat sahəsində ən böyük problem adambaşına maliyyələşmə ilə bağlıdır".

Qeyd edək ki, yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri, iqlim maliyyələşməsi və s. kimi aktual mövzuları əhatə edən, ümumilikdə 683 tədqiqat işi ilə konfransa müraciət daxil olub.

Elm komitəsi tərəfindən konfransın standart və keyfiyyət tələblərinə uyğun olaraq qiymətləndirilən tədqiqatlardan 245-i konfransda məruzə olunmaq üçün qəbul edilib.

Tədqiqat işləri əsasında hazırlanacaq kitab nəşr olunduqdan sonra dünyanın bir çox nüfuzlu akademik bazalarında indekslənəcək, həmçinin konfrans çərçivəsində hazırlanan bütün nəşrlərin əlçatanlığını təmin etmək üçün elektron versiyada konfransın rəsmi saytında yerləşdiriləcək.

Konfransa göndərilən məqalələrin dəyərləndirilməsi, eləcə də konfransın təşkilati və digər məsələləri ilə bağlı dünyanın nüfuzlu universitetlərinin professorları və mütəxəssislərindən ibarət beynəlxalq elm komitəsi, təşkilat komitəsi və katiblik fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR