Jurnalist Səbuhi Məmmədli vəfat edib

Jurnalist Səbuhi Məmmədli vəfat edib
# 17 yanvar 2024 01:59 (UTC +04:00)

Azərbaycan mediasına ağır itki üz verib.

Lent.az saytının əməkdaşı, tanınmış jurnalist Səbuhi Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında dünyasını dəyişib.

Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.

2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlandı.

Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.

Azərbaycan Prezident Administrasiyası, MEDİA Agentliyi, Mətbuat Şurası və TƏBİB daim Səbuhi Məmmədlinin durumu ilə maraqlanıb və lazımi tədbirlər görüb. Xəstəlikdən əziyyət çəkdiyi dövr ərzində Səbuhi Məmmədli "APA Media Group" tərəfindən diqqətdə saxlanılıb.

Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, Yeni Klinikaya köçürülüb. Həkimlərin səyinə baxmayaraq, süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Səbuhi Məmmədli bu gün doğulduğu Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək.

"APA Media Group" kollektivi bu acı xəbərə kədərini ifadə edir, Səbuhi Məmmədlinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib.

Səbuhi Məmmədli 10 ildən çoxdur "Lent.az" saytında çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR