Ətraf mühit məsələləri, xüsusilə su, hava, iqlim kimi amillər sərhəd tanımır. Dünyanı sınağa çəkən iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin hidrometeorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla bir-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir.
APA xəbər verir ki, bunu Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, Şimal yarımkürəsinin müxtəlif regionlarında olduğu kimi, ölkələrimiz də xüsusilə ekstremal hava və iqlim hadisələri daxil olmaqla təbii təhlükələrə məruz qalır: “Bu təsirləri mümkün dərəcədə azaltmaq üçün Ümumdünya Meteorologiya Təşkilatının “Hamı üçün Erkən Xəbərdarlıq” təşəbbüsünə uyğun olaraq effektiv əlaqələndirilmiş hazırlıq və cavab mexanizmlərinin yaradılması vacibdir. Ölkəmiz bu fəaliyyətdə regional əməkdaşlığa öz töhfəsini verməyə və ölkəmizdə tətbiq olunmuş müasir müşahidə sistemlərindən əldə olunan məlumatların bir platformada paylaşmasına hazırdıe.
İqlim riskləri ilə bağlı dayanıqlığı artırmaq məqsədi - Milli Uyğunlaşma Planlarının tərkib hissəsidir. Bu fəaliyyət ölkəmizdə BMT-in İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilir.
Azərbaycanda, hidrometeorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır, möhtərəm Prezident İlham Əliyevin sərəncamları ilə dövlət investisiyaları çərçivəsində ən müasir müşahidə sistemləri ölkədə tətbiq olunur. Dopler radar sistemləri, dənizdə, quruda və çaylar üzərində müasir avtomat stansiyalar quraşdırılaraq istifadəyə verilir, əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Hidrometeoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi xüsusi diqqət yetirilir.
Azərbaycanda proqnozların keyfiyyətinin artırılması məqsədi ilə 20 ildən artıqdır ki, «TURKMETCAP» proqramı tətbiq edilir. Peyk məlumat mübadiləsi sistemi ilə informasiya mübadiləsi aparılır.
“MDB-nin hidrometeorologiya üzrə dövlətlərarası şurası” və “Xəzər dənizinin hidrometeorologiyası” üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsi çərçivəsində Qazaxıstan Respublikası və Türkmənistanla əməkdaşlıq davam etdirilir.
Belə ki, 2021-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meteorologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun tətbiqinə dair İkiillik İş Proqramı imzalanıb.
İş proqramı çərçivəsində hər iki tərəfin aidiyyəti qurumları arasında təşkil olunan onlayn iclaslar çərçivəsində iqlim dəyişmələri, meteorologiya, iqlim xidmətlərində Keyfiyyət İdarəetmə Sistemi sahəsində birgə fəaliyyət göstərilməsi üzrə təcrübə mübadilələri aparılıb”.
Nazir qeyd edib ki, azad olunmuş ərazilərdə yerləşən hidrometeoroloji müşahidə məntəqələrində işğal müddətində müşahidələr dayandırılıb və müşahidə cihazları da daxil olmaqla bütün infrastruktur sıradan çıxarılıb:
"Hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir. Axan çaylar üzərində 11 avtomat hidroloji stansiya, 6 avtomat meteoroloji stansiyası quraşdırılıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı müvafiq sərəncamına əsasən qarşıdakı illər ərzində bu müşahidə şəbəkəsi daha da genişlənəcək.
Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək.
Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədində digər məsələlərlə yanaşı, qlobal iqlim dəyişmələrinin miqyasının azaldılması, yaşıl artım və təmiz ətraf mühitin təmin olunması yaxın illərə əsas strateji istiqamətlər kimi göstərilib.
Bu ilin 30 noyabr - 12 dekabr tarixlərində Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP 28) keçiriləcək. Ölkə pavilyonumuzda yerli və beynəlxalq qurumlar daxil olmaqla ümumilikdə 25-ə yaxın paralel görüşlərin keçirilməsi planlaşdırılır. Keçiriləcək görüşlərdə əsas diqqət iqlim fəaliyyəti, iqlim maliyyəsi, yaşıl enerjiyə keçid, su qıtlığı, dairəvi iqtisadiyyat, ətraf mühitin sağlamlığı, iqlim fəaliyyətinə gənclərin cəlb edilməsi, Qarabağ və Şərqi Zəngəzurda “dekarbonizasiya” zonasının yaradılması və işğaldan azad olunmuş ərazilərdə minalarla çirklənmiş ərazilərin reabilitasiyası mövzularına yönəldiləcək".