Böyrəkköçürmə əməliyyatlarına və əməliyyatdan sonrakı uzunmüddətli dərman müalicəsinə çəkilən xərclərin hemodializ müalicəsinə çəkilən xərclərdən daha az olduğu qənaətinə gəlinib.
APA xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinin nəticələrində əksini tapıb.
Hesablama Palatası tərəfindən İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) bəzi təkliflər verilib:
İcbari Tibbi Sığorta Agentliyi tərəfindən:
- Böyrəkköçürmə əməliyyatlarına və əməliyyatdan sonrakı uzunmüddətli dərman müalicəsinə çəkilən xərclərin hemodializ müalicəsinə çəkilən xərclərdən daha az olduğunu nəzərə alaraq, böyrəkköçürmə sahəsində fəaliyyətin genişləndirilməsi üçün müvafiq addımların atılması;
- İnnovasiya və Təchizat Mərkəzi tərəfindən hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatının istifadəyə verilə bilməməsinin səbəblərinin tam araşdırılaraq onların aradan qaldırılması üçün müvafiq addımların atılması;
- dərmanla təmin edilən böyrəkköçürmə xəstələrinin fərdi məlumatlarının və yazılan reseptlərin qeydiyyatının elektronlaşdırılması, xəstələrə resept yazan həkimlər, dərman verilməsinə razılıq verən qurumlar və dərmanın verilməsini təşkil edən aptek(lər) arasında xəstə məlumatlarının uçotuna dair elektron koordinasiya sisteminin qurulması, orqan köçürülən xəstələrə dərman verilişi üçün regional apteklərin yaradılması imkanlarının qiymətləndirilməsi.
TƏBİB tərəfindən:
- Qaraciyər və ürək köçürülən, qırmızı qurdeşənəyi, habelə böyrəklərin bəzi xroniki xəstəlikləri, o cümlədən xroniki qlomerulonefrit, xroniki nefrit, nefrotik sindrom diaqnozu olan xəstələrin siyahısının dəqiqləşdirilməsi, onlara verilən dərmanların uçotunun elektronlaşdırılması;
- xroniki böyrək xəstəliyi sahəsində icra edilən fəaliyyətlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılmasına diqqət yetirilməsi;
- hemodializ şöbələrinin laborator imkanlarının gücləndirilməsi, dövlət tibb müəssisələrində, o cümlədən hemodializ şöbələrinin fəaliyyət göstərdiyi müəssisələrdə xroniki böyrək xəstəliyinin diaqnostikasında və xəstəliyin gedişində əhəmiyyət kəsb edən paratireoid hormon analizinin tətbiqi imkanlarının qiymətləndirilməsi;
- hemodializ şöbələrində Səhiyyə Nazirliyinin 37 nömrəli 07.04.2009-cu il tarixli Əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 16.04.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar”ın 9 nömrəli əlavəsində müəyyən edilmiş 1 hemodializ aparatı üçün 12 m2 sahənin təmin edilə bilməsi, habelə yanaşı xəstəlikləri olan xəstələrin digər hemodializ xəstələri ilə eyni palatada və eyni tibbi heyət tərəfindən xidmət olunması praktikasının aradan qaldırılması üçün müvafiq addımların atılması təmin edilsin.
Qeyd edək ki, audit 01.01.2016-cı il tarixindən 31.12.2021-ci il tarixinədək olan dövrü əhatə edib