Təəssüflər olsun ki, 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr səviyyəsi ancaq coğrafiyanın tədrisi və metodikası üzrədir. Elmi istiqamətlər üzrə magistr hazırlığından məhrumuq. Belə olanda da biz doktoranturaya yer veririk, amma növbəti illər gələn olmur. Deyilənə görə, elmi istiqamətlər üzrə magistr bərpa olunacaq.
APA xəbər verir ki, bunu coğrafiya elmləri doktoru, professor Məhəmməd Abduyev "Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası" mövzusunda keçirilən II Beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, digər tərəfdən, bu ildən Akademiyada magistr hazırlığı dayandırılıb və bu da kadr hazırlığı prosesini çətinləşdirir:
"Deyirlər ki, universitetlər zəhmət çəkib öz kadrlarını hazırlasınlar. Məndə magistr hazırlığı yoxdursa, necə kadr hazırlaya bilərəm?! Çinlilər deyir ki, planınız bir ildirsə, düyü əkin, 10 ildirsə ağac əkin, 100 ildirsə insan yetişdirin, onlara bilik verin. Biz hamımız bu yolun yolçularıyıq".