“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib
# 28 iyun 2024 17:24 (UTC +04:00)

Bu gün Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsinin açılışı olub.

APA-nın Şimal bürosu xəbər verir ki, düşərgə iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini və Quba rayon Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının nəzarət təftiş komissiyasının sədr müavini və Gənclər Birliyinin üzvü Şahin İsmayılov, Heydər Əliyev Fondunun şöbə müdiri Cəmil Əliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaev və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova çıxış ediblər.

Çıxış edənlər bu gün dövlətimizin, xalqımızın ümummilli mübarizəsinə çevrilmiş Qərbi Azərbaycana qayıdış ideyası uğrunda görülən işlərin cənab Prezident İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq sülh, beynəlxalq hüquq və ədalət prinsipləri əsasında məqsədyönlü və sistemli şəkildə davam etdirildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi ilə bağlı düzgün məlumatlandırılmasında gənclərin aktiv işrtirakı vacibdir. Çıxışlarda gənclərin bilik və bacarıqlarını bu amalın reallaşması - Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası uğrunda səfərbər edəcəklərinə inam ifadə olunub.

Qeyd edilib ki, Quba Olimpiya İdman Kompleksində iyunun 30-dək davam edəcək gənclər düşərgəsində Qərbi Azərbaycan İcması gəncləri, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin könüllüləri iştirak edir.

Düşərgə çərçivəsində mövzu üzrə panel müzakirələr, məlumatlandırıcı sessiya, intellektual oyun və qrup işləri təşkil ediləcək, həmçinin Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən foto sərgi və film nümayiş olunacaq.

Layihənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR