Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanuna təklif edilən yeni – 46.1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, icra məmuru borclunun özündə aşkar edilən sənədli qiymətli kağızı dərhal götürərək, həmin qiymətli kağızın götürüldüyü gündən gec olmayaraq üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərəcək. İcra məmuru borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağızın, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızın olması barədə mərkəzi depozitardan rəsmi məlumat aldıqda həmin məlumatın alındığı gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul edəcək və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərəcək. Borclunun mülkiyyətində olan qiymətli kağızın üzərinə həbs qoyulması, həmin qiymətli kağıza sərəncam hüququnu və həmin qiymətli kağız üzrə ödənişlərin qəbulunu icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə məhdudlaşdıracaq. Yönəldilən tələb miqdarında və həcmində bölgüsü mümkün olmayan qiymətli kağızlar üzrə sərəncam hüququna, tələbin miqdarı və həcmindən asılı olmayaraq, bütövlükdə həbs qoyulacaq. Borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil ediləcək.
Eyni zamanda "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif olunur.