Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, uşaqların mövcud vəziyyəti qiymətləndirilib.
"Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər. Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", məlumatda deyilir.
Gülcahan İmanqızı
***
15.50
Tovuz rayonunda aztəminatlı ailənin 3 azyaşlı övladının uşaq evinə yerləşdirilməsi ilə bağlı müraciət edilib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri Tovuz İcra Hakimiyyətinə müraicət edərək, 3 azyaşlının onlara baxmağa imkanı olmayan ailədən alınmasını xahiş ediblər.
Qonşuların iddiasına görə, ailədə ana əqli və fiziki qüsurlu, ata isə içki düşkünüdür.
" Onlar azyaşlı oğlanları diləndirir, fiziki şiddət tətbiq edirlər. Buna görə də icra hakimiyyətinə və polisə uşaqların ailədən alınması üçün müraciət etmişik" deyə, qonşular bildirib.
Ailəyə icra hakimiyyəti tərəfindən baxış keçirilib, uşaqlar müayinə olunmaq üçün Tovuz rayon Mərkəzi xəstəxanasına aparılıb.
İH-dən APA-ya bildirilib ki, uşaqlar hazırda xəstəxanada həkim nəzarətindədir, növbəti mərhələdə onların uşaq evinə yerləşdirilməsi nəzərdə tutulur.
Xəstəxanadan isə APA TV-yə bildirilib ki, hər üç azyaşlı müayinə olunub, onların səhhəti qaydasındadır.