Bakı. Könül Kamilqızı-APA. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən davamlı işlər aparılır. Agentliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın yaradılması təklif irəli sürülüb. Qeyd olunan iclasda iştirak edən agentliyin sədri İnam Kərimov bu təşəbbüsü dəstəkləyərək qeyd edib ki, ictimai şuraların yaradılması və aktiv fəaliyyəti təşəbbüsü çox mühümdür.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yekdilliklə İctimai Şuranın koordinatoru seçilib.
Qeyd edək ki, İctimai Şura öz işini təşkil etmək məqsədilə Agentliklə razılaşdırmaqla öz iş qaydasını müəyyən edəcək. Həmçinin, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin yaradılması və təkmilləşdirilməsinə təşviqlə bağlı tədbirlər həyata keçirəcək.