Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən informasiya diplomatiyası, humanitar təşəbbüslər, sülh gündəliyi və yumşaq güc siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.

Azərbaycan orta gücə çevrilir
Deputat deyib ki, bu gün beynəlxalq münasibətlər nəzəriyyəsində "orta güc" (Middle Power) anlayışı xüsusi aktuallıq kəsb edir: “Orta güc dövlətləri diplomatiya, çoxtərəfli əməkdaşlıq, vasitəçilik, humanitar təşəbbüslər və beynəlxalq institutlarda fəallıq vasitəsilə qlobal proseslərə ciddi təsir göstərirlər. Bu modelin uğurlu nümunələri hesab olunan Avstraliya, Sinqapur, Norveç, Cənubi Koreya və Qətərin sıralarına Azərbaycan da daxil olub. Prezident İlham Əliyevin dövlət başçısı diplomatiyasının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Dövlət başçısı IV Şuşa Qlobal Media Forumunda etdiyi çıxışında da bildirdi ki, “Azərbaycan artıq orta səviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni orta səviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür. Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”.

Strateji sütunlar
Rizvan Nəbiyev qeyd edib ki, tarixi Qarabağ Zəfərindən sonra formalaşan Azərbaycanın "orta güc modeli" bir neçə strateji sütuna əsaslanır: “Bura milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasət, Şərqlə Qərbi birləşdirən geostrateji mövqedən çıxış etməklə enerji və nəqliyyat diplomatiyası, humanitar və mədəniyyət diplomatiyası, parlament diplomatiyası, rəqəmsal transformasiya və innovasiya fəaliyyətləri, beynəlxalq tədbirlərə ev sahibliyi və qlobal dialoq platformalarının təşkili daxildir. Şuşadan dünyaya verilən əsas mesaj da budur ki, müasir dövrdə davamlı sülh siyasi razılaşmalarla yanaşı, etimad, informasiya açıqlığı və humanitar əməkdaşlıq ilə mümkündür. Azərbaycan məhz bu dəyərləri təşviq edən məsuliyyətli və etibarlı tərəfdaş kimi beynəlxalq mövqeyini ildən-ilə daha da gücləndirir. Müasir beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzu artıq yalnız iqtisadi və hərbi güclə müəyyən edilmir. Harvard Universitetinin professoru Cozef Nay tərəfindən irəli sürülən "Soft Power" – yumşaq güc konsepsiyası göstərir ki, dövlətlərin cəlbediciliyi, mədəniyyəti, dəyərləri, humanitar fəaliyyəti və beynəlxalq etibarı müəyyən hallarda sərt güc qədər əhəmiyyətlidir”.

Şuşa Forumu Prezident İlham Əliyevin yeni diplomatik yanaşmasının mühüm tərkib hissəsidir
Deputat vurğulayıb ki, bu mənada IV Şuşa Qlobal Media Forumu da bu yumşaq güc alətlərindən biridir: “Burada müzakirə olunan mövzular informasiya təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və sülhün kommunikasiya vasitəsilə təşviqi ilə bağlıdır. İnformasiya diplomatiyasının ən güclü vasitələrindən biri məhz birbaşa təmasa əsaslanan kommunikasiya modelidir. Həm də bu mənada IV Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyevin yeni diplomatik yanaşmasının mühüm tərkib hissəsidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən informasiya diplomatiyası, humanitar təşəbbüslər, sülh gündəliyi və yumşaq güc siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Bu siyasət ölkəmizin qlobal miqyasda dialoq təşəbbüskarı və etibarlı orta güc dövlətinə çevrilməsi prosesini sürətləndirir”.