Bank Of Baku

“Azərbaycan ailəsi Strategiyası” layihəsinin ilkin müzakirəsi keçirilib

“Azərbaycan ailəsi Strategiyası” layihəsinin ilkin müzakirəsi keçirilib
# 16 dekabr 2013 14:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) “Azərbaycan ailəsi Strategiyası” layihəsinin ilkin müzakirəsi keçirilib.

 

APA-nın xəbərinə görə, komitə tərəfindən işçi qrupu səviyyəsində keçirilən ilk müzakirədə müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatların nümayəndələri iştirak edib.

 

AQUPDK-nın sədr müavini Aynur Sofiyeva bildirib ki, prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə Milli Fəaliyyət Qrupu yaradılıb. Milli Fəaliyyət Qrupuna 20-dən çox dövlət qurumuna daxil olduğunu deyən A.Sofiyeva qeyd edib ki, Dövlət Komitəsi də həmin qrupun tərkibindədir: “Konsepsiyada qeyd edilən bəzi istiqamətlərin həyata keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan ailəsi Strategiyası”, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı, Uşaq Məcəlləsi və Milli Uşaq Strategiyası kimi sənədlərin hazırlanması nəzərdə tutulub. Bundan əlavə, “Ailə psixoloqu” institutunun, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzləri və sığınacaqların, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sisteminin yaradılması nəzərdə tutulub”.

 

Komitə sədrinin müavini vurğulayıb ki, hazırda komitə tərəfindən “Azərbaycan ailəsi Strategiyası”nın ilkin variantı hazırlanıb və müzakirə olunması üçün müvafiq qurumlara göndərilib. Bütün müzakirələr başa çatdıqdan sonra müvafiq dövlət qurumlarının da rəy və təklifləri nəzərə alınmaqla “Azərbaycan ailəsi Strategiyası” layihəsi hökumətə təqdim ediləcək.

 

Daha sonra komitənin şöbə müdiri Aynur Veysəlova hazırlanan strategiya layihəsi barədə ətraflı məlumat verib və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR