Bakı. Gülnar Bəşirova - APA. Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair məruzə ətrafında müzakirələr aparılıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məruzə ətrafında müzakirələr zamanı BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin sədri María Sisternas “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair təqdim olunan məruzənin əhatəli olduğunu, qeyd olunan tədbirlərin Konvensiya üzrə nəzərdə tutulan müddəaları əks etdirdiyini vurğulayıb.
Azərbaycan üzrə məruzəçi Martin Mvesiqvan ölkəmizin bu ilk məruzəsinin dolğun məzmuna malik olduğunu və məruzə ətrafında maraqlı müzakirələrin aparıldığını, ölkəmizdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərin təqdirəlayiq olduğunu bildirib.
Daha sonra Konvensiyanın müddəaları üzrə ölkəmizdə görülən işlərə dair suallar cavablandırılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səslənən sualların əlilliyi olan şəxslərlə bağlı əsasən hüquqi məsələləri əhatə etdiyini bildirib və bu məsələlərin həlli ilə bağlı aparılan işləri diqqətə çatdırıb.
Daha sonra ədliyyə nazirinin müavini Toğrul Musayev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıblar.
Qeyd edək ki, sessiyanın ilk günü əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məruzə ilə çıxış edib.