Bakı-APA. “İRƏLİ” İqtisad Mərkəzi və “Yukor” MMC-nin birgə əməkdaşlığı ilə “Maliyyə Planlaması” adlı yeni layihəyə start verilib. APA-nın məlumatına görə, layihədə mühasibat uçotunun əsasları, mühasibat işlərinin Microsoft, Excell proqramında tətbiqi, şəxsi maliyyə planlaması və s. mövzular üzrə təlimlər keçiriləcək.
Təlimlər “Yukor” MMC-nin əməkdaşları tərəfindən 2 mərhələdə həyata keçiriləcək. Birinci mərhələ nəzəri hissənin tədrisi, ikinci mərhələ təcrübə mərhələsi olacaq. Birinci mərhələ 2 həftə davam edəcək və sonda layihəni müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikat veriləcək. Layihə zamanı özünü doğruldan iştirakçılar ikinci mərhələyə keçiriləcək və “Yukor” MMC-də təcrübə keçmək şansı əldə edəcəklər.
Qeyd edək ki, layihədə iştirakçılar nəzəriyyə ilə yanaşı, praktiki biliklər də əldə edəcəklər. Layihədə iştirak üçün hazırda təhsil alan gənclər, əvvəlki illərin məzunları müraciət edə bilərlər. Layihədə iştirak etmək istəyən şəxslər arasında Microsoft, Excell proqramını bilənlərə üstünlük veriləcək.
Layihədə iştirak etmək istəyən şəxslər 23 mart 2013-cü il tarixinə qədər “İRƏLİ” İctimai Birliyinin rəsmi saytında yerləşdirilən online ərizə formasını dolduraraq müraciət edə bilərlər.