Bakı. Gülnar Bəşirova - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK ) tərəfindən Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qadınlar dövlətimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" mövzusunda keçirilən məqalə müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, müsabiqəyə 50-yə yaxın yazı təqdim olunması mövzunun aktuallığından xəbər verir: "Müsabiqəni keçirməkdə əsas məqsədimiz istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır. Təqdim edilən yazıların çoxluğu göstərir ki, gənc jurnalistlər arasında bu mövzuya maraq yetərincədir. Lakin əfsuslar olsun ki, həmin yazıların içərisində çox yüksək səviyyəli yazı görmədik. Buna baxmayaraq bu cür müsabiqələr elan edilməli, maarifləndirmə işləri gücləndirilməlidir ki, jurnalistlər arasında, xüsusən də gənc jurnalistlər qadın məsələlərinə diqqəti artsın".
Daha sonra Prezident Administrasiyasının ictimai - siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək Azərbaycan cəmiyyətinin müxtəlif sahələrində qadınların rolunun danılmaz olduğunu bildirib: "Əgər araşdırma aparsaq, bu gün istər iqtisadi, istər siyasi, istərsə də sosial sahələrdə qadınların rolunun kifayət qədər artmış olduğunu görərik. Əlbəttə ki, bu da sevindirici məqamdır".
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayevə bildirib ki, bu gün mətbuatda qadın mövzusu yetərincə işıqlandırılmır: "Biz daha çox bir-birini təhqir edən, dava-dalaş sərgiləyən ailələrin münasibətini görürük. Halbuki Azərbaycanda yetərincə örnək olan ailə modelləri var. Mətbuat bu sahədə diqqətli olmalı, maarifləndirmə işlərini gücləndirməlidir”.
Tədbirin sonunda müsabiqə qalibləri mükafatlandırılıb.