Bank Of Baku

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi MM-in komitəsində yenidən müzakirə olunacaq

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi MM-in komitəsində yenidən müzakirə olunacaq
# 30 aprel 2014 15:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

 

Parlamentdən APA- ya verilən məlumata görə, komitə  sədri  Hadi Rəcəbli əvvəlcə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsini təqdim edib. H. Rəcəbli sənədin  bir  neçə dəfə işçi qrupun, Səhiyyə Nazirliyi əməkdaşlarının, dövlət və hökumət nümayəndələrinin, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının və mütəxəssislərin iştirakı ilə geniş müzakirəsinin keçirildiyini bildirib. O bildirib ki, həmin tədbirlərdə  səsləndirilən bütün təkliflər işçi qrupu tərəfindən diqqətlə araşdırılıb, vacib detallar nəzərə  alınıb.

 

Milli Məclis  Aparatının  Sosial  qanunvericilik  şöbəsinin müdiri Adilə Abasova  bildirib ki, qanun layihəsi  getdikcə  təkmilləşir. Sənədə bir  neçə  yeni maddələr  əlavə edilib və işçi qrupu  tərəfindən  bu sahədəki dünya  təcrübəsi  dərindən öyrənilib. Komitə üzvləri Əhliman Əmiraslanov, Yaqub Mahmudov, Məlahət  İbrahimqızı çıxışlarında bildirdilər ki, dövlətin ailə siyasətini özündə əks etdirən bu qanun layihəsi tam olaraq  ailənin,  ana  və uşaq  sağlamlığının  qorunmasına, ölkədə hələ də təsadüf olunan ana ölümünün  qarşısının alınmasına  xidmət  edəcək. Qanun layihəsi reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması sahəsində hüquqi əsasları tənzimləyəcək.  Qeyd olunub ki, burada qadınlar arasında  son vaxtlar  geniş yayılan döş vəzi xərçənginin profilaktikasına, ekstrakorporal mayalanmalar zamanı donor mənşəyinə nəzarətin artırılması ilə bağlı məqamlara xüsusi diqqət yetirilməlidir. Ətraflı müzakirələrdən sonra qanun layihəsi ümumilikdə bəyənilib, bəzi təkliflər nəzərə  alınması üçün komitədə yenidən müzakirəyə çıxarılması irəli sürülüb.

 

Sonra komitə üzvləri “Uşaqların istirahətinin təşkili haqqında” qanun  layihəsi  müzakirə  ediblər.  Sənəd  barədə məlumat verən H.Rəcəbli vurğulayıb ki,  dövlət uşaqların  istirahəti  və asudə  vaxtlarının  səmərəli  təşkilinə  xüsusi  diqqət  ayırır.  Sözügedən sənəd bu baxımdan böyük əhəmiyyət kəsb edir. Qeyd  olunub ki, sənədin hazırlanmasına Heydər  Əliyev Fondu  böyük dəstək göstərib.  Komitə üzvləri Musa Quliyev, Sevinc Hüseynova, Rauf Əliyev, İlham Məmmədov sənədlə bağlı təkliflərini bildiriblər. Qanun layihəsi bəzi  məqamların nəzərə alınması  üçün yenidən işçi qrupa  qaytarılıb. Sonra komitədə Heydər Əliyev Mərkəzi  tərəfindən  hazırlanan “Heydər Əliyev Azərbaycanın sosial müdafiə  strategiyasının banisidir”  adlı kitabın konseptual  dinləməsi  keçirilib. Komitə üzvləri kitabla  bağlı  fikirlərini bildirdilər, əsərə müsbət  rəy  verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR