Bakı. Gülnar Bəşirova - APA. Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş epizootik tədbirlər planına uyğun olaraq müayinə və peyvəndləmə işləri davam etdirilir.
Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən məlumata görə, hazırda cənub zonasında, xüsusilə Astara, Lerik, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, Saatlı, İmişli, Beyləqan, Füzuli və digər rayonlarda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərdən olan dabağa qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Digər bölgələrdə də bu mühüm tədbirin qısa zamanda aparılması nəzərdə tutulur.
DBX əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin heyvanların peyvəndləmə və müayinədən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət etmələri tövsiyə edilir.
Qurumdan bildirilib ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti epizootik tədbirlər planında nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd vasitələri ilə yerli baytarlıq idarələrini təmin etməklə lazımi nəzarəti tədbirlər həyata keçirir.