Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunda 2012-ci ildə ARDNŞ-in nəzdində olan Elm Fondu tərəfindən elmi tədqiqatlara dəstək məqsədi daşıyan qrant layihəyə uyğun olaraq “Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları” mövzusunda iş başa çatıb.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, institutun əməkdaşları layihə çərçivəsində Abşeron yarımadasının ən çox neftə çirklənmiş Balaxanı, Sabunçu, Ramana ərazilərinə bir neçə ekspedisiya təşkil edib, zəngin materiallar toplayıblar.
Sahə xəritələşdirilməsi nəticəsində bir neçə xəritə GİS texnologiyaları vasitəsilə tərtib olunub. Bununla belə, ilk dəfə Abşeron yarımadasında 24 müxtəlif ərazidən əldə edilmiş torpaq, su, bitki, ana dağ süxurları və dib çöküntülərinin mikroelement tərkibi təhlil olunub və nəticələrin məlumat bazası yaradılıb. Onların əsasında elementlərin konsentrasiya klarkları, bitkilər üçün isə bioloji udulma əmsalı hesablanıb. Hesablamalar nəticəsində hər bir konkret sahə üzrə defisit, ya da izafi olan elementlər təyin olub.