Bank Of Baku

ADU-da "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı tədbir keçirilib - FOTO

ADU-da "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 28 mart 2014 16:35 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı bədii tədbir keçirilib. ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan və Çin arasındakı mədəni əlaqələrin tarixindən danışıb, hər iki ölkənin tanınmış rəssamlarının qarşılıqlı sərgilərinin təşkil olunduğunu bildirib. O, nümayiş olunan şəkillərdə Shanshui ("Dağlar və Su") janrında çəkilmiş Çin mənzərə rəsmləri və Azərbaycanın müasir milli təsviri incəsənətinin banisi Hüseyn Əliyevin yaradıcılığında əsas yer tutan dağlar, ağaclar, çayların təsviri tematikasını müqayisə edərək hər iki əsərlərdə dərin fəlsəfi düşüncələrin əks olunduğunu söyləyib.

 

Azərbaycanın bədii yaradıcılığı, incəsənəti və mifologiyasında xüsusi yer tutmuş “əjdaha” naxışları ilə işlənmiş XVI-XVIII əsrlərin özünəməxsus Azərbaycan xalçalarının yaranma tarixindən danışan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının kompozisiya və koloritli xüsusiyyətlərindən bəhs edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Cəmilə Həsənzadə məruzəsində öz tədqiqatlarının nəticəsi olaraq Çin rəsm əsərlərinin üsullarından geniş istifadə edən Təbriz miniatür məktəbinin görkəmli rəssamlarının yaradıcılığından danışıb.

 

Tədbirdə çıxış edən “Azərmarka” şirkətinin rəssam-dizayneri Xasay Mirzəyev şirkət tərəfindən istehsal olunan Çin tematikasına həsr olunmuş poçt markaları barədə məlumat verib.

 

Tədbir çərçivəsində ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimovanın rəsm işlərindən ibarət sərgi keçirilib.

 

Sonda Çin dili və mədəniyyət mərkəzinin direktoru, dosent Rafiq Abbasov ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış “İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitabı qonaqlara hədiyyə edib.

 

Tədbirdə Çin Xalq Respublikasının  (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey və  Azərbaycanın ali məktəblərində təhsil alan Çin tələbələri iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR