Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31 Mart soyqırımının 96-cı ildönümü ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktor müavini Paşa Kərimov həmin 31 Mart soyqırımı ilə bağlı ətraflı məlumat verib.
O qeyd edib ki, azərbaycanlıların soyqırımının əsas siyasi oyunu Bakıda baş versə də, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib: "Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb və məhv edilib".
P.Kərimov əlavə edib ki, sözügedən soyqırımı unutmamalıyıq: "Şübhə yoxdur ki, gec-tez bizim haqlı olduğumuz üzə çıxacaq. Hələ ki, bizim həqiqətimiz dərk olunmur. Amma həqiqətin üzə çıxmasına çox az qalıb".
Tədbirdə digər çıxış edənlər də zaman-zaman Azərbaycan xalqının başına gətirilən müsibətlər danışıblar.