Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun olaraq AMEA Naxçıvan Bölməsində 47 elmi işçinin attestasiyası keçirilib. AMEA Naxçıvan Bölməsindən APA-ya verilən xəbərə görə, bu barədə bölmənin Rəyasət Heyəti 4 mart 2014-cü il tarixində qərar verib. Qərara əsasən, komissiya yaradılıb. Sədr, katib və 11 üzvdən ibarət olan komissiya attestasiyadan keçəcək işçilərin rəy, xasiyyətnamə və digər sənədlərilə tanış olub.
Aprelin 28-də bölmə tərkibində fəaliyyət göstərən iki elmi-tədqiqat institutunun - Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçiləri attestasiyadan keçirilib. Təbii Ehtiyatlar və Bioresurslar İnstitutlarının işçilərinin attestasiyası aprelin 29-da, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondunun elmi işçilərin attestasiyası isə aprelin 30-da keçiriləcək.