Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının struktur bölmələrinin yeni əsasnamələri təsdiq edilib.
APA-nın xəbərinə görə, bu gün Rəyasət Heyətinin iclasında qəbul olunmuş qərarla Beynəlxalq Əlaqələr, Elmi-Təşkilat və İşlər idarələri, həmçinin Hüquqi təminat, İctimaiyyətlə əlaqələr və digər şöbələrin əsasnamələri AMEA-nın hüquqi sənədləri sırasına daxil edilib. Əsasnamələr Hüquqi təminat şöbəsi tərəfindən təklif olunub.
Bundan əlavə, iclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi təsdiq edilib. Şura bu il noyabrın 6-da yaradılıb və Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərir. Əsasnaməyə görə, qurum innovasiya sahəsində yerli və beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək, innovativ layihələrin elmi ekspertizasının keçirilməsini təşkil etmək, elmi-texniki nailiyyətlərin tətbiqində iştirakçı olmaq və digər vəzifələr daşıyır.