Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşmiş işçilərin şirkətin digər struktur bölmələrində yerləşdirilməsi prosesi davam etdirilir.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, İnsan resursları Departamentindən verilən məlumata əsasən, son bir ayda ARDNŞ-də sərbəstləşən işçilərin daha 21 nəfəri işlə təmin olunub. Belə ki, siyahısı müəssisələr tərəfindən Departamentə təqdim olunmuş 282 nəfər sərbəstləşmiş işçidən 120 nəfəri Sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunmasına dair Proqrama qoşulub. Həmin 120 nəfərin 38 nəfəri üçün müxtəlif vakansiyalar üzrə müsabiqələr (test və ya peşə sınaq imtahanları) təşkil edilib, müsabiqədən uğurla keçmiş 5 nəfər işə qəbul olunmaq üçün müəssisələrə göndərilib, 5 nəfər isə keçid balını toplayaraq sərbəstləşən işçilərin kadr ehtiyatı bazasına daxil edilib.
Eyni zamanda, 4 nəfər xüsusi peşə hazırlığı və bacarıq tələb etməyən peşələr üzrə, 5 nəfər isə təqdimat əsasında müsabiqə prosedurası tətbiq edilmədən işə qəbul olunmaq üçün müəssisələrə göndərilib. Proqrama qoşulmuş sərbəstləşən işçilərdən ümumilikdə 13 nəfər işə qəbul olunmaq üçün müəssisələrə göndərilib.
Proqrama qoşulmamış 164 nəfər sərbəstləşən işçidən 34 nəfər üçün müxtəlif vakansiyalar üzrə müsabiqələr (test və ya peşə sınaq imtahanları) təşkil edilib. Müsabiqədən uğurla keçmiş 6 nəfər işə qəbul olunmaq üçün müəssisələrə göndərilib, 2 nəfər isə keçid balını toplayaraq sərbəstləşən işçilərin kadr ehtiyatı bazasına daxil edilib. Eyni zamanda, 1 nəfər xüsusi peşə hazırlığı və bacarıq tələb etməyən peşə üzrə, 1 nəfər isə müsabiqə prosedurası tətbiq edilmədən işə qəbul olunmaq üçün müəssisələrə göndərilib, beləliklə, proqrama qoşulmamış sərbəstləşən işçilərdən ümumilikdə 8 nəfər işə qəbul olunmaq üçün müəssisələrə göndərilib.