Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 4-də ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir. Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1972 nəfər qeydiyyatdan keçib.
İmtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında saat 11:00-da başlanır. İmtahanın idarə olunması üçün 12 imtahan rəhbəri, 140 nəzarətçi-müəllim ayrılıb. Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.