Bakı – APA. Bu günlərdə ASAIF-in baş katibi Vüsal Qurbanov ASAIF-in təşkilatçılığı ilə keçirilən “Türkiyə-Azərbaycan dostluğu tarixi” adlı konfransa qatılmaq üçün Türkiyəyə səfər edib.
ASAIF-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi Türkiyədə yaşayan azərbaycanlı tələbələrlə görüşmək, ASAIF-in təqdimatını keçirmək olub.
Səfər çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirən V.Qurbanov eyni zamanda Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovla görüşüb. Görüşdə ASAIF-in fəalları Əli Əliyev və Lətifə İsmayıl-zadə iştirak edib. ASAIF-in işini yüksək qiymətləndirən səfir Türkiyədə təhsil alan tələbələrimiz haqqında məlumat verib.
V.Qurbanov eyni zamanda Təhsil Nazirliyinin Türkiyədə təhsil üzrə müşaviri Nəcibə Nəsibova ilə görüşüb, Türkiyədə oxuyan azərbaycanlı tələbələrin vəziyyəti ilə maraqlanıb və gələcəkdə Türkiyədə təhsil alan gənclərimizi ASAIF ailəsi ətrafında görməkdən məmnun olacağını bildirib. Nəcibə xanım isə ASAIF-in işi ilə yaxından tanış olduğunu, gələcəkdə ASAIF ilə həyata iş birliyi keçirmək üçün böyük potensialın olduğunu vurğulayıb.