Bank Of Baku

Azay Quliyev: “Sərt yanaşsaydıq, bir çox QHT-lərin işləri prokurorluqda olardı”

Azay Quliyev: “Sərt yanaşsaydıq, bir çox QHT-lərin işləri prokurorluqda olardı”
# 20 noyabr 2013 09:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti ilin maliyyə yardımı müsabiqəsi ilə bağlı ictimai dinləmələr keçirib.

 

APA-nın verdiyi məlumata görə, Şuranın sədri Azay Quliyev çıxışında deyib ki, əsas məqsəd QHT-lərin maliyyə müsabiqəsi ilə bağlı təkliflərini öyrənməkdir.

 

Şura sədri bildirib ki, layihələrin monitorinqləri ilə bağlı vəziyyət ürəkaçan deyil: “Qara siyahı”ya düşən onlarla QHT-lərin adları açıqlanacaq. Biz başa düşürük ki, QHT-lərə nəvazişlə yanaşmaq lazımdır, çünki onlar öz QHT-lərimizdir. Biz məmur kimi məsələlərə sərt yanaşsaydıq, il ərzində 400 yox, bəlkə də 40 layihəyə qrant ayırardıq, bir çox QHT-lərin işləri prokurorluqda olardı. Ancaq biz indiyə qədər QHT sektorunda çalışmış, bu sahənin problemlərini bilən insanlar kimi güzəştli mövqe tutmuşuq. Mənə bir çox insanlar zəng edir ki, filan layihə ilə bağlı hesabatları qəbul edin. Güzəşt limiti bitdi”.

 

Azay Quliyev qeyd edib ki, artıq Şura yeni qiymətləndirmə mexanizminə keçir: “Artıq layihələr elektron qaydada qiymətləndiriləcək. Layihələr kodlaşdırılacaq, ekspertlərə kod və şifrə veriləcək. Ekspert də elə evdə oturub, layihələri qiymətləndirəcək. Ancaq ekspert də insandır, o da sUbyektivliyə yol verə bilər. Biz də bu subyektiv məqamların aradan qaldırılmasına çalışırıq”.

 

Şura sədri son zamanlar həkim səhlənkarlığı ilə bağlı ölüm hallarının artmasına da diqqət çəkib: “Bu sahədə QHT-lər monitorinq aparmalı, mənzərə aydınlaşmalı və sonra da bu problemlərin həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılmalıdır. Təəssüf ki, QHT-lərimiz hələ bu sahədə effektiv fəaliyyət, nəticə ortaya qoymayıblar”.

 

Azay Quliyev bu həftənin cümə günü parlamentdə “İctimai iştirakçılıq haqqında” qanunun qəbul olunacağını bildirib: “Bu, irəliləyişə imkan verəcək. Bir çox nazirliklər, dövlət qurumları sosial layihələri hansı QHT-lərə, necə verir, bilinmir. Bəlli deyil ki, kimə, nə qədər qrant verirlər. Şura bu sahədə fəaliyyəti ilə bağlı hər il kitab dərc edir, ictimaiyyəti məlumatlandırır”.

 

Azay Quliyev gələcəkdə Şuranın yerli və xarici QHT-lərlə birgə əməkdaşlığı şəraitində həyata keçiriləcək layihələri maliyyələşdirməyi planlaşdırdığını açıqlayıb. O, QHT-ləri təhsil sahəsində problemlərə diqqəti artırmağa çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR