Bakı. Gülnar Bəşirova – APA. Azərbaycan Dövlət İqtisad Universitetində struktur və kadr islahatlarına başlanılıb.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rektorunun imzaladığı əmrə əsasən ali təhsil ocağının Tədris-metodiki mərkəzinin, həmçinin magistratura mərkəzinin direktorları, maliyyə və mühasibatlıq departamentinin rəhbəri və rektorun müşaviri tutduqları vəzifədən azad edilib.
Digər əmrlə Tədris-metodiki mərkəzə iqtisad elmləri namizədi, dosent Eldar Azadov rəhbər təyin olunub. O, indiyədək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb.
Maliyyə və mühasibatlıq departamentinə Nəsimi İsmayılov, Təsərrüfat şöbəsinə Elçin Xəlilov rəhbər təyin edilib.
Rektorun müşaviri vəzifəsinə isə iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə təyin edilib. E. Bağırzadə “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müəllimidir.
Daha bir təyinat universitetin Beynəlxalq əlaqələr şöbəsinə aiddir. İqtisadiyyat elmləri namizədi, dosent Müslüm İbrahimov bu şöbəyə müdir təyin edilib. M. İbrahimov bundan əvvəl “Beynəlxaql iqtisadi münasibətlər” fakültəsinin dekan müavini vəzifəsində işləyib.
Magistratura mərkəzinin direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq mərkəzin direktor müavini professor E. Məmmədova həvalə edilib.
Rektorunun əmrinə əsasən ali təhsil ocağında ictimayyətlə əlaqələr, hüquq və daxili audit şöbələri, eləcə də “Qaynar xətt” xidməti təşkil edilib.