Bakı. Viktoriya Dementyeva - APA. İndoneziyada Azərbaycan və İndoneziya Konstitusiya məhkəmələrinin birgə iclası keçirilib. Azərbaycan İndoneziyadakı səfirliyindən APA-ya verilən məlumata görə, iclas Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyətinin 17-22 fevralda İndoneziyaya rəsmi səfəri çərçivəsində baş tutub. Tədbirdə hər iki ölkə Konstitusiya məhkəmələrinin fəaliyyətinə dair çoxsaylı suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti İndoneziya Konstitusiya Məhkəməsinin baş hakimi Məhəmməd Mahfludun dəvəti ilə bu ölkəyə səfər edib. Səfər çərçivəsində F. Abdullayev həmkarı M. Mahflud, İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədri Əli Marzuki, parlamentin Regional Nümayəndələr Palatasının sədri İrman Qusman, parlamentin Xalq Məşvərət Şurasının sədri Tofik Kimas, ölkənin Ali Məhkəməsinin sədri Məhəmməd Hatta Əli, Məhkəmə Komissiyasının sədri Eman Suparman, hüquq və insan hüquqları naziri Amir Şamsuddin ilə görüşlər keçirilib.
Səfər zamanı iki ölkə Konstitusiya məhkəmələri arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.