Bakı. Könül Kamilqızı – APA. Son 10 ildə Azərbaycanda ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılıb. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2012-ci il üzrə hesabatda qeyd olunub. Hesabatda bildirilib ki, təkcə 2012-ci il ərzində təmir-tikinti işləri aparılan 84 tibb müəssisəsindən 38-də təmir işləri başa çatdırılıb və onlar istifadəyə verilib.
Aparılan islahatlar nəticəsində respublika üzrə çarpayı fondu orta hesabla 50 faiz və ya 30 600 çarpayı ixtisar edilib, 300-ə yaxın (40 faiz) stasionar müəssisə bağlanıb.
Qeyd olunub ki, ambulator - poliklinika müəssisələrinə müraciətlər 65 faiz çoxalıb. Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hesabat ilində 567,8 milyon manat təşkil edib.