Bakı – APA. Azərbaycanda “Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” adlı beynəlxalq tədbirinin açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasimi giriş sözü ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə tədbir haqqında məlumat verərək, bildirib ki, insanların hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, Azərbaycanda başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə ciddi şəkildə hörmət edilir. Bu baxımdan Azərbaycan tam məsuliyyəti ilə digər dövlətlərə nümunə ola bilər.
Tədbirdə iştirak edən əcnəbi gənclər də çıxış edərək, Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olduğunu, burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamalarını təqdirəlayiq hal kimi qeyd ediblər.
Qeyd edək ki, dekabrın 7-dək davam edəcək tədbirin keçirilməsində əsas məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin aktiv iştirakını təmin etmək və bu sahədə mövcud olan təcrübələrin bölüşməsi üçün uyğun şəraitin yaradılmasıdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədilə tədbirə Avstriya, Türkiyə, Danimarka, Böyük Britaniya, Bolqarıstan, Hollandiya, Moldova və Ukrayna kimi ölkələrdən iştirakçılar dəvət olunublar.
Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə baş tutan beynəlxalq tədbir müddətində iştirakçıların Azərbaycandakı tolerantlıq mühiti ilə tanış olması və bir sıra dini-mədəni mərkəzlərə ziyarətlərinin təşkili planlaşdırılır.