Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Qanunda nəzərdə tutulan müddəaların pozulmasına görə pasiyentin məhkəməyə müraciət etmək hüququ, eyni zamanda qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması öz əksini tapıb. Qanun qəbul edildikdən sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq əlavə və dəyişikliklər olacaq. Komitə sədri bildirib ki, sənədin reallaşdırılması böyük maliyyə tələb etsə də, Azərbaycan dövlətinin maliyyə imkanları onun həyata keçirilməsinə imkan verir. O, qanunun tətbiqi ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Müzakirələr zamanı deputat Hikmət Atayev qanunun “Uşaqların ümumi dispanserizasiyası” adlandırılmasını təklif edib: “Qanun layihəsindən müalicə məsələsi çıxarılmalıdır. Müayinədən sonra aşkar olunan xəstəliklərə görə ayrıca dispanserizasiya olmalıdır. Əgər biz layihəyə müalicə də əlavə ediriksə, bu qanun işləməyəcək. Azərbaycanda 3 milyon uşaq var. Əvvəllər nəcis və qan analizi vardı. İndi biokimyəvi, HİV-lə bağlı müayinələr var. Bu müayinələr 1 nəfər üçün ən azı 100 manat təşkil edir. Yəni 3 milyon uşağın təkcə müayinəsi 300 milyon manat edəcək. Bu, səhiyyəyə ayrılan xərclərin yarısıdır. Uşaqlarda xəstəliklər ayrılsa, ondan sonra bu xəstəliklər üzrə dispanserizasiya tətbiq edə bilərik. Yoxsa 3 milyon insanın müayinə və müalicəsini üzərimizə götürə bilmərik”.
Müzakirələrdən sonra layihə səsə qoyularaq ikinci və üçüncü oxunuşda qəbul olunub.