Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda birincili sümük şişlərinin müalicəsində yeni texnologiyalar tətbiq edilir.
APA-nın xəbərinə görə, dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında bu yeniliklər barədə məruzə dinlənilib.
AMEA Biologiya və tibb elmləri bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib ki, sümük şişləri diaqnostika və müalicə baxımından kliniki onkologiyanın mühüm və çətin sahələrindəndir. Daha çox uşaq, yeniyetmə və gənc yaşlarında təsadüf edilən bədxassəli sümük şişləri aqressiv gedişi və erkən metastaz verməsinə görə fərqlənir. Sümük şişlərinin müalicəsi prioritet məsələ kimi daim mütəxəssislərin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycanda aparılan tədqiqatlar olduqca böyük əhəmiyyət kəsb edir.
Onkologiya kafedrasının professoru, tibb üzrə elmlər doktoru Abuzər Qazıyev “Birincili sümük şişlərinin müalicəsinə baxışı dəyişən yeni texnologiyaların kliniki praktikaya tətbiqi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, sümük şişlərinin müalicəsi cərrahi, şüa, kimyəvi terapiya, kombinə edilmiş və müxtəlif kompleks metodlarla aparılır. Yaxın keçmişədək bədxassəli sümük şişlərinin müalicəsinin nəticələri qeyri-qənaətbəxş olub, xəstələrin 5 illik yaşama göstəricisi 12-18 faiz təşkil edib. Son 40 ilə yaxın bir müddətdə akademik Ə.Əmiraslanovun elmi rəhbərliyi və iştirakı ilə sümük sarkomalarının müalicəsi istiqamətində aparılan elmi-tədqiqat işləri bu xəstəliklərin müalicəsinə baxışı kökündən dəyişib. Osteogen sarkomanın yeni kompleks müalicə texnologiyası işlənib hazırlanıb, bu istiqamətdə əldə edilmiş uğurlar bir sıra xarici və yerli mütəxəssislər tərəfindən sümük onkologiyasında inqilabi dəyişiklik kimi xarakterizə edilib. Yüzlərlə sümük şişi olan xəstədə endoprotezləşdirilmə əməliyyatları aparılıb.
Məruzə Rəyasət Heyəti tərəfindən bəyənilib, aparılan elmi tədqiqatların daha da genişləndirilməsi, respublikada bu istiqamətdə yüksəkixtisaslı kadrların hazırlanması tövsiyə edilib.