Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda bu il 538 əlil və şəhid ailəsi evlə təmin olunacaq.
“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, hazırda ev növbəsində olanların ümumi sayı 5 611 nəfərdir. Həmçinin 5 073 nəfərin bu məsələ ilə bağlı vəziyyəti araşdırılır: “Qalan vətəndaşların evlə təmin olunması növbəti beş il müddətində həllini tapacaq. Hazırda bu istiqamətdə tərəfimizdən araşdırmalar aparılır. Məsələ ilə bağlı təkliflər yaz bayramından sonra dövlət başçısına təqdim olunacaq”.
S.Müslümov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə dair atəşkəs haqda razılığa 1994-cü ildə nail olunsa da, nazirliyə ev almaq üçün müraciət edənlərin sayı durmadan artır: “Hesab edirəm ki, bu sistemə güclü nəzarət mexanizmi olmalıdır. Bölgələrdə vətəndaşları qəbul edərkən onlar bizə evlə bağlı müraciət edirlər. Araşdırmalar zamanı bir çoxlarının bir neçə yerdə yaxşı vəziyyətdə evlərinin olduğu ortaya çıxır. Ona görə də bu sahədə ciddi nəzarət olmalıdır”.