Bank Of Baku

Azərbaycanda diabet məktəblərinin yaradılması ilə bağlı xüsusi proqram hazırlanır

Azərbaycanda diabet məktəblərinin yaradılması ilə bağlı xüsusi proqram hazırlanır
# 19 noyabr 2013 10:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”na əsasən Azərbaycanda diabet məktəblərinin yaradılması ilə bağlı işlər davam edir.

 

Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov APA-ya açıqlamasında deyib ki, hazırda məktəblərin necə qurulması ilə bağlı xüsusi proqram hazırlanır. Onun sözlərinə görə, məktəblərin yaradılması istiqamətində vaxtaşırı əməkdaşlar müxtəlif rayonlara gedir, orada məktəblərin necə qurulması, məktəblərdə dərslərin necə və hansı formada keçirilməsi ilə bağlı müzakirələr aparılır: “Biz şəkərli diabetlə mübarizə sahəsində daimi olaraq işlər görməliyik. Çünki bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabet xəstəliyi qlobal şəkildə artır. Onun qarşısını isə hansısa formada almalıyıq. Buna isə ilk növbədə insanların maarifləndirilməsindən başlanmalıdır. Şəkərli diabet xəstəsi gərək özünə nəzarət etməyi, nəyi qəbul etmənin lazımlı və ya lazımsız olmasını bilməlidirlər. Bu məktəbləri yaradaraq ölkədə şəkərli diabet sahəsində təhsil və profilaktika işlərinə daha ciddi fikir verməliyik”.

 

Qeyd edək ki, Azərbaycan Diabet Cəmiyyəti xəstəliklə mübarizəyə dəstək məqsədilə Dünya Diabet Fonduna ölkənin şəhər və rayonlarında “Diabet Məktəblərinin təşkili” layihəsi ilə müraciət edib və layihə fond tərəfindən təsdiqlənib. Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə əsasında yaradılmış 7 diabet məktəbi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcək. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbinin təşkili, həmin məktəblərin proqramlar, metodiki vəsaitlər və ədəbiyyatlarla təminatı nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR