Bank Of Baku

Azərbaycanda əmək pensiyası alan şəxslərin 60,6%-i qadınlardan, 39,4%-i kişilərdən ibarətdir

Azərbaycanda əmək pensiyası alan şəxslərin 60,6%-i qadınlardan, 39,4%-i kişilərdən ibarətdir
# 06 mart 2013 11:10 (UTC +04:00)

 

Bakı - APA-Economics. Azərbaycanda əmək pensiyası alan şəxslərin 60,6%-i qadınlardan, 39,4%-i isə kişilərdən ibarətdir. Bu barədə “APA-Economics”ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

 

Hazırda ölkə üzrə əmək pensiyası alan şəxslərin sayı 1 272 136 nəfər təşkil edir. Onlardan 63%-i yaşa görə, 26,6%-i əlilliyə gərə, 10,4%-i ailə başçısını itirməyə görə əmək pensiyası alır. 

 

Ölkədə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, o cümlədən sığorta hissəsinin artırılması ilə bağlı 7 sərəncam verilib, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib. 

 

Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 28,5 manat olduğu halda,  hazırda bu məbləğ 152,03 manata, o cümlədən yaşa görə əmək pensiyaları üzrə orta aylıq məbləğ 168,54 manata çatıb.

 

Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40%, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 42,5% təşkil edir. 

 

Qeyd edək ki, əmək pensiyası - “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR