Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda gündəlik xidmətə ehtiyacı olan veteranlara əlavə aylıq vəsait ayrılacaq. Bu barədə APA-ya Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. O bildirib ki, bununla bağlı “Veteranlar haqqında” qanuna “Sosial xidmət haqqında” qanuna əsasən dəyişikliklər ediləcək.
Komitə sədrinin sözlərinə görə, bu, qeyd olunan veteranlara sosial xidməti dövlət tərəfindən təmin olunması məqsədi ilə baş tutur: “Bu gün büdcəmiz imkan verir ki, xüsusi xidmətçilər tutulsun ki, qeyd olunan veteranlar yaşayan evlərdə onlara xidmət göstərsinlər. Burada xüsusi qeyd var ki, dəyişiklik özünü idarə edə bilməyən və sosial xidmətə ehtiyacı olan veteranlara aiddir. Bu da əsasən yaşlı müharibə veteranlarında müşahidə olunur”.
H. Rəcəbli bildirib ki, ümumilikdə bu cür sosial müavinətlərin ayrılması “Sosial xidmət haqqında” qanunda nəzərdə tutulur, lakin qeyd olunan dəyişikliklərlə bunu qeyd olunan veteran kateqoriyasına şamil etmək mümkün olacaq: “Həmin veteranlara maddi vəsait ayrılacaq ki, onlara sosial xidmətlərin göstərilməsi mümkün olsun. Vəsaitin miqdarı müzakirələr zamanı bilinəcək. Eyni zamanda bu cür sosial xidmətlərdə QHT-lər də yaxından iştirak edəcək”.
Qeyd edək ki, “Veteranlar haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər layihəsi sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.