APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında deyib ki, ötən il cəmi 800 vakant yerə həvəsləndirmə tədbirləri tətbiq edilmişdisə, növbəti dərs ili üçün onların sayı kifayət qədər artırılıb və 2527 olub.
F. Qədirovun sözlərinə görə, bu da müəllimlərin seçim imkanlarını artıracaq: “Hər il vakansiyalar təqdim edildikdən sonra hökumətin qərarı ilə həvəsləndirmə tədbirləri tətbiq ediləcək yerlər müəyyən edilir. Bu il həmin yerlərin sayı 2527 olub ki, bu da ümumi vakansiyaların 80%-nə bərabərdir. Onlardan 1149 yer rayon mərkəzlərindən 20 kilometrədək məsafədə, 1538 yer isə rayon mərkəzlərindən 20 km məsafədən uzaqda yerləşən məktəblərdədir”.
Təhsil Nazirliyinin rəsmisi qeyd edib ki, rayon mərkəzlərindən 20 km-dək məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə tətbiq edilən həvəsləndirmə tədbirlərinə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması və ipoteka kreditlərinin verilməsi daxildir. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə tətbiq edilən həvəsləndirmə tədbirlərinə gəlincə, hər ay onların əməkhaqqına 70 (yetmiş) manat məbləğində əlavə olunması, yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün hər ay 40 (qırx) manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsi daxildir.
F. Qədirov qeyd edib ki, qanunvericiliyə əsasən, kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur. Onun sözlərinə görə, 35 yaşdan yuxarı olan müəllimlər də həvəsləndirmə tədbirləri tətbiq olunan yerləri seçə bilərlər. Lakin həvəsləndirmə tədbirləri onlara şamil edilməyəcək. Onlar digər yerlərə işə qəbul olunanlar kimi qəbul olunub, işləyəcəklər.