Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan icra işlərinin sayı 14, 1 faiz artaraq 18473-ə çatıb, onlardan 75 faizinin icrası təmin edilib.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə göndərdiyi 2012-ci ilə dair hesabatında qeyd olunub. Hesabata görə, ötən il hüquqi və fiziki şəxslər tərəfindən 115,4 milyon manata yaxın vəsaitin ödənilməsinə nail olunub.
Vergi borcları ilə bağlı 2387 iş tamamlanıb və onların nəticələri üzrə dövlət büdcəsinə 6,3 milyon manat ödənilib. Həmçinin icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2325 şəxs barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 1880-ni üzrə borclu şəxs inzibati məsuliyyətə cəlb edilib, 698 şəxs barəsində isə inzibati həbs tətbiq edilib. Məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə verilmiş təqdimatlar əsasında 219 cinayət işi başlanılıb, əvvəlki illə müqayisədə təxminən 3 dəfə çox - 3419 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Prezidentin fərmanına uyğun olaraq dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyəti ümumiləşdirilərək , hər 6 aydan bir dövlət başçısına məlumat verilib.