Şəkərli diabet proqramı çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri pulsuz olaraq paylanıb və onların dərman təchizatı ilə bağlı uzun illər mövcud olan problemlər aradan qaldırılıb. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artaraq 180 minə çatıb. Şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,56-ə enib.
2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə bunların sayı 46-ya çatıb. Görülən tədbirlər nəticəsində 2012-ci ildə onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb və bununla bərabər bu xəstəlikdən ölüm göstəricisi hər 100 min nəfərə 62,1-dən 59-a enib.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olub. Lakin hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 27, o cümlədən regionlarda 20 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.