Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda ümumtəhsil məktəblərinin 102 851 müəllimi informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçib.
Bu barədə APA-ya Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov məlumat verib.
O bildirib ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təlimlərə cəlb edilən müəllimlər pedaqoji kadrların 64%-ni təşkil edir. S.Məmmədovun sözlərinə görə, dövlət ali məktəblərinin 12 367 professor-müəllim heyətindən 1270 nəfəri (10%), orta ixtisas təhsil müəssisələrinin 508 müəllimi dövlət proqramı çərçivəsində informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçib.
Bundan əlavə, müxtəlif təlim vəsaitləri üzrə 82 370 müəllimə 48 saatlıq təlimlər keçirilib. Bunun üçün bir sıra rayonlar üzrə 100 təlim mərkəzi yaradılıb. Dövlət proqramı çərçivəsində 12 500 nəfər inzibati-idarəetmə heyəti İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak edib. 2008-2012-ci illərdə adıçəkilən vəsait üzrə 2500 nəfər pedaqoji heyətə 32 saatlıq təlimlər keçirilib.