Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu il martın 1-nə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 764,7 min nəfər olub, onlardan 4 528,7 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il fevralın 1-nə muzdla işləyənlərin sayı 1 492,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 896,8 min nəfər, qeyri-dövlət bölməsində isə 595,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,0 min nəfər, qeyri-neft sektorunda isə 1459,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 449,9 min nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,7%-i məhsul istehsalı sahələrində, onlardan 6,5%-i tikintidə, 6,3%-i emal sənayesində, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,2%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.
Xidmət sahəsində çalışanların 22,7%-i təhsil, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5,1%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.
Bu il martın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,6 min nəfər olub, onların 41,2%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 244,3 manat olub.