Bakı. Könül Kamilqızı - APA. Uşaqlarda göz almasının zədələnməsinin epidemioloji xüsusiyyətlərinin, travmatik kataraktaların rastgəlmə tezliyinin və xüsusiyyətlərinin öyrənilməsi məqsədilə 2008-2012-ci illərdə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin uşaqlarda görmə üzvünün patologiyası şöbəsində göz almasının travması diaqnozu ilə müalicə almış 654 xəstə stasionar və tibbi kartların təhlili aparılıb.
Milli Oftalmologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, aparılan təhlillər göstərib ki, son 5 ildə göz almasının travmaları ilə mərkəzə müraciət edən uşaqların sayı sabit qalmaqdadır və bu travmaların 71,7%-ni yaralanmalar, 28,3%-ni isə göz almasının küt zədələnmələri təşkil edir. Bu göstərici hazırda inkişaf etmiş ölkələrdəki göstərici ilə bir qədər ziddiyyət təşkil edir. Belə ki, bir çox ədəbiyyatda inkişaf etmiş ölkələrdə son illərdə uşaq göz travmalarının strukturunda dəlib keçən yaralanmaların xüsusi çəkisinin azalması qeyd olunur. Göz almasının küt zədələri ümumi zədələrin 65%, dəlib keçən yaralanmalar isə yalnız 28%-ni təşkil edib.
Proqnostik cəhətdən daha ağır olan dəlib keçən yaralanmaların yüksək faizi Azərbaycanda uşaqlarda göz travmatizminin profilaktikası tədbirlərinin qənaətbəxş olmadığını, bu sahədə xüsusi mübarizə proqramının işlənməsinə ehtiyac olduğunu göstərir. Müşahidələr zamanı həm kontuziya, həm də dəlib keçən yaralanmalar qrupunda xəstələrin əksəriyyətini oğlanlar təşkil edib. Ümumiyyətlə, oğlanların və qızların sayının nisbəti kontuziya qrupunda 6:1, dəlib keçən yaralanmalar qrupunda 2,5:1, bütün zədə almış uşaqlarda isə 3:1-ə bərabər olub. Oğlan uşaqlarının qızlara nisbətən daha riskli və aqressiv davranışlı olması cinslər arasındakı bu kəskin fərqi izah edə bilər.
Göstərilən müddət ərzində stasionara göz travması diaqnozu ilə daxil olmuş uşaqların yaş strukturunun təhlili aparılıb və yaş qrupu yüksəldikcə müalicə alan xəstələrin sayının daha artıq olduğu göstərilib. Yuxarı yaş qrupunda olan xəstələrin sayı (324) kiçik yaş qrupundakı xəstələrin sayından (124) təxminən 3 dəfə artıq olub. Göz alması travmalarının ən çox rast gəlinən ağırlaşması travmatik katarakta olub. Travmatik kataraktanın inkişafı 654 xəstədən 181-də müşahidə edilib ki, bu da ümumi xəstələrin 27,7%-ni təşkil edir. Travmatik kataraktalar göz almasının dəlib keçən yaralanmaları olan qrupda daha çox rast gəlinib. Belə ki, dəlib keçən yaralanmalarda 469 xəstədən 160-da (34,1%), gözün küt zədələnmələrində isə 185 xəstədən yalnız 21-də (11,4%) travmatik katarakta müşahidə edilib. Travmatik kataraktalar yaşı 4-dən kiçik olan uşaqlarda 117 haldan 42-də (35,9%), yaşı 4-8 arasında olan uşaqlarda 215 haldan 61-də (28,4%) və yaşı 9-15 arasında olan uşaqlarda 322 haldan 78-də (24,2%) rast gəlinib. Qızlarda göz almasının zədələnmələri zamanı 160 xəstədən 49-da (30,6%), oğlanlarda isə 494 haldan 132-də (26,7%) travmatik kataraktaların əmələ gəlməsi müşahidə olunub.