Bakı. Könül Kamilqızı – APA. Hazırda ölkədə 113517 uşağı əhatə edən 1666 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 xüsusi uşaq bağçası, ümumi təyinatlı 13 müəssisədə 22 xüsusi qrup fəaliyyət göstərir. Bununla yanaşı, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Bu gün ölkədə Təhsil Nazirliyi tərəfindən lisenziya almış 44 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1900 uşaq təlim-tərbiyə alır. Ümumilikdə, ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi hazırda 16% təşkil edir.
Ötən il məktəbəqədər təhsil müəssisələrinin normativ hüquqi bazasının təkmilləşdirilməsi
məqsədi ilə müvafiq sənədlər hazırlanıb və təsdiq edilib. Bunlara Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında
Nümunəvi Əsasnamə”si və “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” daxildir.