Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda yer qabığında baş verən sıxılmanın səbəbi açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin böyük elmi işçisi Rafiq Səfərov APA-ya açıqlamasında deyib ki, kosmik geodeziya üsulu nəticəsində ölkədə Abşeron yarımadasından cənubda, Şamaxı-İsmayıllı, Şəki, Zaqatala-Balakən zonalarında, Kür çökəkliyində yer qabığında sıxılma müşahidə olunduğu aşkar olunub: “Yer qabığındakı sıxılmalara qlobal baxmaq lazımdır. Ərəbistan piltəsi saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Bu hərəkət nəticəsində Azərbaycan və Qafqaz ərazisi sıxılır. Azərbaycan ərazisi Ərəbistan piltəsi ilə Avrasiya piltəsinin toqquşma zonasında yerləşir. Bu toqquşma nəticəsində təkcə Azərbaycan ərazisi deyil, Türkiyə ərazisi də sıxılır. Bütün bu zonanın seysmik aktivliyi həmin toqquşma ilə əlaqədardır. Qafqaz ərazisində Yer təkcə piltələrdən təşkil olunmayıb. O piltələrin də daxilində kiçik bloklar, mikropiltələr var. Bu sıxılma nəticəsində mikropiltələr özlərini müxtəlif cür aparır, bir-biri ilə toqquşur, bir-birini itələyirlər. Onların hərəkət sürətləri Azərbaycan ərazisi üçün çox cüzidir, bu mikropiltələr il ərzində 10-13 mm hərəkət edirlər. Buna baxmayaraq, onların bir-birinə qarşılıqlı təsiri nəticəsində bəzi mikropiltələrdə də sıxılma gedir. Zaqatala-Balakən, Şəki-Şamaxı-İsmayıllı zonalarında və Abşerondan cənubda bu proses müşahidə olunur”.
R.Səfərov deyib ki, sıxılma deformasiyasının maksimum sürəti Şıxlar və Xıdırlı məntəqələri arasında müşahidə olunur: “Həmin ərazi Salyandan Hacıqabula qədər torpaq qatındakı qırılmanın baş verdiyi əraziyə düşür. Hazırda ölkə üzrə bizim stansiyaların sayı azdır. İmkan olsa, həmin zona üzrə stansiyaların sayının artırılması nəzərdə tutulur. Həmin ərazidə vaxtaşırı monitorinqlər aparılır. Orada yeni stansiyalar qurulması planlaşdırılır. Hazırda bu ərazidə qırılmanın davam etdiyi gözlə görünmür. Ola bilər ki, qırılma gedir, amma yer səthində müşahidə olunmur. Bunun üçün də tədqiqat işləri aparılmalıdır. Növbəti monitorinq yəqin ki, yay aylarında aparılacaq”.
Mütəxəssis deyib ki, hələlik baş verən sıxılmanın hansı fəsadlar verəcəyini qabaqcadan söyləmək çətindir: “Bunun hansı fəsadlar verəcəyi barədə qəti bir söz demək hələ tezdir. Bu tədqiqatlar 1998-ci ildən aparılır. Alınmış nəticələrin inkişaf etdirilməsi, başqa üsullarla təsdiq olunması lazımdır. Sıxılma olan ərazilərdə seysmiklik aktivdir. Amma güclü zəlzələlər heç də maksimum sıxılma olan zonalarda baş vermir. Sıxılma zonası ilə onun daha az olduğu sərhəddə baş verir”.
R.Səfərovun sözlərinə görə, sıxılma ilə yanaşı, Azərbaycanda yer qabığında genişlənmə gedən ərazi də var: “Ölkə ərazisində iri genişlənmə zonaları demək olar ki, müşahidə olunmur. Genişlənmə İranla həmsərhəd ərazilərdə müşahidə olunur, onun da böyük əksəriyyəti İran ərazisinə düşür. Kiçik genişlənmə zonası Şuşa şəhərinin ətrafında və Ermənistanla həmsərhəd zonada müşahidə olunur”.
Qeyd edək ki, Geologiya İnstitutunun alimləri peyk vasitəsilə yerin dərinliklərində baş verən deformasiya proseslərini və onların törətdiyi geoloji hadisələri izləyir. Bu, 1998-ci ildə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində qurulmuş GPS şəbəkəsi sayəsində mümkün olub. Şəbəkədə hazırda 36 GPS məntəqəsi və davamlı qaydada ölçü aparan 3 stansiya mövcuddur.